03 mart, 2025
Paylaş:

Vaqif Mustafazadə

Bığına görə efirə buraxılmayan, gürcü qızıyla məcbur evlənən, caz musiqisinin banisi, dünyaşöhrətli pianoçu Vaqif Mustafazadə...

Azərbaycan muğamlarını cazla birləşdirərək muğam-caz musiqi janrının təməlini qoyan görkəmli pianoçu, caz ustası Vaqif Əziz oğlu Mustafazadə Bakı şəhərində İçərişəhərdə anadan olub. Musiqiyə olan həvəsi ona anası Zivər xanımdan keçib. Zivər xanım dahi Üzeyir bəyin tələbəsi olub. O, Azərbaycanın ilk qadın pianoçularından biri, muğamların gözəl bilicisi idi. Vaqif hələ 3 yaşından fortepianonun dillərinə toxunub və o vaxtdan bu alətdən ayrılmayıb. O, tanıdığı mahnıları istədiyi kimi, yeni variantda çalmağa başlayıb. Fenomenal yaddaşa sahib olan görkəmli caz ustası musiqilərinin çoxunu beynində, yaddaşında toplayıb.

Sənətkar fərqli xarici görünüşü ilə həmişə diqqət çəkib və sovet senzurasının hədəfinə tuş gəlib. Onun bığı həmişə başına bəla olub. Hara gedibsə, buna görə sərt reaksiya ilə qarşılaşıb. Hətta bir dəfə onu AzTv-nin efirinə buraxmayıblar. Böyük cazmen bundan sarsıntı keçirsə də, onun inqilabçı ruhu heç bir qaydaya sığmayıb. Bir nəfər Vaqif Mustafazadəyə belə bir sual verib: "O bığla necə yemək yeyirsiniz?" Vaqif Mustafazadə bığına sığal çəkib divardan asılmış Karl Marksın şəklini göstərərək deyib: "O necə yeyirdi, mən də elə...".

Görkəmli caz ustası iki dəfə ailə qurub. O, birinci evliliyini hamıdan gizlədirmiş. Gənc yaşlarında tez-tez Azərbaycan Dövlət Neft Akademiyasına gedər və gecələr orada təşkil olunan konsertlərdə musiqilər ifa edərdi. Akademiyanın bütün tələbələri Vaqifi çox sevirmiş. Vaqifin gələcək həyat yoldaşı ləzgi qızı Nərminə xanım da burada təhsil alırdı. Onları Rüstəm İbrahimbəyov tanış etmişdi. Gənclər tez bir zamanda ailə həyatı qurmağa qərar verirlər. Bu nikahdan Lalə Mustafazadə dünyaya gəlir. Amma Vaqiflə Nərminənin evliliyi uzun sürmür. Onlar anlaşa bilmirlər. Nərminə xanım Laləni də götürüb evi tərk edir. İkinci həyat yoldaşı Elza xanımla isə Tiflisdə tanış olur. Gürcü qızı tez bir zamanda Vaqifin qəlbinə yol taparaq nikahdankənar hamilə qalır. Deyilənə görə, Vaqif Elza ilə evlənmək istəmirmiş. Buna onu anası vadar edib. Belə ki, anası "bala, ayıbdır, gərək sən Elza uşağı dünyaya gətirməmiş onunla evlənəsən" deyərək oğlunu yola gətirib. Beləliklə, onlar ailə həyatı qurublar və Əzizə Mustafazadə dünyaya gəlib.

Cazmen həyatı boyu ürəyi ilə bağlı problem yaşayıb. Bir dəfə infarkt keçirdikdən sonra onu evə gətirib çarpayıya uzadıblar. Görkəmli caz ustası anasından xahiş edib ki, onun üçün "Bayatı Şiraz" muğamını çalsın. Deyilənə görə, cazla muğamı sintez etmək elə bu zaman ağlına gəlib. Vaqifi gözü götürməyən müəyyən şəxslər sənətkarın narkoman olması haqda şayiələr yayıblar. Lakin dostları deyir ki, o, səhhətinə görə nəinki narkotik maddə, heç siqaret və spirtli içki də qəbul etməyib, sağlam yaşama üstünlük verib. Bütün bunlara baxmayaraq, 39 il ömür sürən görkəmli cazmen Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()