Vaxtanq Kikabidze
Gürcüstanın Xalq artisti, məşhur sərkərdə Baqrationun qohumu, tanınmış aktyor, müğənni, bəstəkar, rejissor, ssenarist Vaxtanq Kikabidze... Yəqin ki, bu ad sovet dövründə yaşayanların çoxuna tanışdır. Ondan söhbət düşəndə dərhal göz önündə Georgi Daneliyanın məşhur "Mimino" komediyasındakı nikbin təyyarəçi obrazı Valiko canlanır. Populyar estrada müğənnisi kimi də şöhrət tapan bu adamın "Mimino"da oxuduğu elə bircə "Çita-qrita-çita-marqarita..." mahnısını xatırlamaq onun necə böyük musiqi duyumuna sahib olduğunu göstərir... "Mənim illərim - mənim sərvətimdir" deyərək hər kəsə çatdırmaq istəyirdi ki, illər keçdikcə, insan həyat təcrübəsi və müdriklik qazanır...
Vaxtanq Konstantinoviç Kikabidze Tbilisi şəhərində anadan olub. Atası Konstantin Kikabidze jurnalist işləyib. İkinci Dünya müharibəsi illərində Ukraynanın Kerç şəhəri yaxınlığında itkin düşüb. Peşəkar müğənni olan anası Manana Baqrationi Baqrationlar nəslindən idi. Bu sülalə IX əsrdən monarxiyanın sonuna qədər Gürcüstanda hakimiyyətdə olub. Məktəb illərində bədii özfəaliyyət dərnəyinin üzvü olan Kikabidze, zərb alətində çalmağı öyrənib. Tbilisi Xarici Dillər İnstitutuna daxil olsa da aktyorluq və müğənnilik karyerasını davam etdirib. Yaradıcılığa müğənni kimi başlayan və bu sahədə böyük nailiyyətlər qazanan sənətkarı musiqi o qədər cəlb edirdi ki, ona bütün varlığını qurban etməyə hazır idi. Vaxtanq Kikabidze gənc yaşlarında Tbilisi Filarmoniyasında çalışmağa başladı. Elə həmin vaxt gürcü estrada briqadası ilə birlikdə ilk qastrol səfərinə yollandı. O gürcü, rus, italyan və ingilis dillərində mahnılar oxuyurdu. Sonradan dostları ilə birlikdə "Velo", ardınca isə özünün solisti olduğu "Orera" qrupunu yaratdı və bununla da müğənni və aktyor peşələrini uzlaşdıra bildi.
Onun kinodakı ilk debütü "Dağlarda görüş" filmindən başlayır. Aktyor bir sıra kinolarda çəkilsə də, ona əsl şöhrəti Georgi Daneliyanın "Mimino" filmindəki baş rolu gətirib. Bu filmə görə o, SSRİ Dövlət Mükafatına layiq görülüb. Deyirlənə görə, bu filmin ideyasını Georgi Daneliyaya onun azərbaycanlı dostu Maqsud İbrahimbəyov veribmiş. O isə yazıçı dostu Revaz Qabriadze ilə birlikdə belə bir ekran əsərini ərsəyə gətirib...
Sənətkarın ailə sarıdan bəxti gətirmişdi. O bu haqda müsahibələrinin birində qeyd etmişdi: "Özümü xoşbəxt insan sayıram, çünki böyük və çox mehriban ailəm var. Yoldaşım İrina ilə iki övladımız var. Qızım Marina teatr aktyorudur, mənim kimi, o da kinoda çəkilir və hazırda Şota Rustaveli adına Akademik Teatrda çalışır. Oğlum rəssamdır. Onun da iki oğlu var - böyüyü Vaxtanq və kiçiyi İviko. Qızım Marinanın oğlu Zalsburqda kollec bitirib, Londonda universitetdə oxuyub, bir neçə xarici dil bilir.Nəvələrimdən heç biri aktyorluğu seçməyib. Bəlkə elə belə yaxşıdır".
Kikabidze Azərbaycanı çox sevirdi. Bakıya hər gəlişindən böyük məmnunluq duyduğunu bildirən aktyor bu haqda belə deyirdi: "Mən həmişə çıxışlarımda demişəm ki, iki şəhərdə məmnuniyyətlə yaşayaram - onlardan biri Tbilisi, digəri Bakıdır. Mən bu şəhəri sevirəm və özümü burada çox yaxşı hiss edirəm. Burda mənim çoxlu dostlarım var".
Dahi sənətkar Tbilisi xəstəxanasında, 85 yaşında beyin şişindən vəfat edib.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.