Vəfa Fətullayeva
Qızılları oğurlandığından sağalmaz xəstəliyə tutulan, uşağını tələf etdirdiyi üçün əri tərəfindən tərk olunan, 41 yaşında dünyadan köçən Əməkdar artist Vəfa Fətullayeva faciəvi tale yaşayıb... Hökümə Qurbanovanın və rəssam Nüsrət Fətullayevin ailəsində doğulan bu xanım həyatının ilk zərbəsini hələ uşaqlıqda valideynlərinin ayrılması ilə alıb. Vəfa anası ilə birgə qalıb. Çox kiçik yaşlarından anası ilə birgə teatr tamaşalarında uşaq rollarında çıxış edib. Hətta anası ilə tərəf müqabili də olub.
Vəfa Fətullayeva orta məktəbi bitirdikdən sonra Zaur Nağıyev adlı idmançı oğlanla tanış olur. Onlar böyük məhəbbətlə bir-birilərini sevirlər. Qısa müddət sonra ailə qururlar. Amma bu evlilik çox kədərli sonluqla bitir. Deyilənə görə, Hökümə Qurbanova qızını aktrisa və özünün davamçısı kimi görmək istədiyindən onun ailə qurub səhnədən uzaqlaşmasına razı olmur. Həyat yoldaşını aktrisa kimi görmək istəməyən Zaur Vəfadan ayrılmaq məcburiyyətində qalır. Sonralar bu faktın həqiqiliyini Zaur öz müsahibələrinin birində təsdiq edir: "Anası da deyirdi ki, mənim davamçım mənim qızım olmalıdır. Mən onunla tanış olandan bir neçə ay sonra bildim ki, o, Hökümə Qurbanovanın qızıdır. Bunu mənə bildirmirdi. Bu hərəkəti məni ona daha da bağladı. Toyumuzdan bir neçə ay əvvəl anası yenə başladı ki, Vəfa aktrisa olmalıdır, teatra getməlidir. Bir gün mən Pribaltikaya idman yarışına getdim. Onda Vəfa dördaylıq hamilə idi. Oradan qayıdanda çoxlu uşaq paltarları da almışdım. Gələndə Vəfa məni qarşılamadı. Mən evə gələndə o ağlayırdı. Dedim, nə olub, ağır nə isə qaldırmısan, uşağa nə isə olub. Dedi hə. Ancaq sonralar anamın vasitəsi ilə öyrəndim ki, o, uşağımızı tələf etdirib. Bundan sonra bizim birgə yaşamağımız mümkünsüz oldu və biz ayrıldıq".
Aktrisanın ikinci böyük məhəbbəti isə həmkarı Fuad Poladov olur. Onlar ilk dəfə "Məhv olmuş gündəliklər" tamaşasında tərəf müqabili kimi eyni səhnəni paylaşırlar. Bir-birilərini böyük məhəbbətlə sevən cütlük ailə qura bilmirlər. Onların münasibətlərinin ciddiləşməsindəki maneələr bu günə qədər də sirr olaraq qalır. Amma deyilənlərə görə bu dəfə də Vəfanı Poladovdan ayıran Hökümə Qurbanova olur. Əmisi Hafiz Fətullayev bu məsələ haqqında deyir: "Başa düşürdülər ki, nə qədər Hökümə Qurbanova var, onlar ailə qura bilməyəcəklər. Vəssalam... Hökümə Qurbanova o aktyoru çox istəyirdi. O aktyor özü də Hökümə xanımın yaradıcılığına yüksək qiymət verib. Amma bir insan kimi münasibətləri, ola bilsin başqa cür olub".
Aktrisa gənc yaşlarında gözlənilmədən sağalmaz xəstəliyə - qan xərçənginə tutulur. Deyilənlərə görə onun bu xəstəliyə tutulmasına səbəb keçirdiyi bərk qorxu və stres imiş. Belə ki, Moskvaya səfər edən Hökümə Qurbanova və Vəfa univermaqda gəzərkən qızıl dolu kisəni orada unudurlar. Vəfa bu hadisədən çox təsirlənir. Bəlkə də bu hadisə onun xəstəliyinin başlanğıcı olur. Çox keçmir ki, xəstəlik özünü göstərməyə başlayır, səhhəti pisləşir. Vəfa və anası eyni xəstəxanada, amma ayrı-ayrı palatalarda yatırlar. Hökümə xanım da həmin ərəfədə xərçəng xəstəliyindən müalicə alırmış. Çox keçmir ki, Vəfa dünyasını dəyişir. Qızının vaxtsız ölümündən sarsılan Hökümə Qurbanovanın səsi bütün xəstəxananı lərzəyə gətirir. Vəfanın atası Nüsrət Fətullayev yeganə övladının itkisinə dözməyib 2 aydan sonra rəhmətə gedir. Bir il sonra isə anası Hökümə xanım da dünyasını dəyişir.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.