VII Kleopatra
Zəngin və rəngarəng həyat yaşayan Misirin son kraliçası Kleopatra bəşər tarixinin ən nüfuzlu və güclü qadınlarından biri olub. Onun həyatı, "sevgi"ləri və faciəvi şəkildə ölümü bu günə qədər də tam olaraq öyrənilməyib. Onun obrazı tarix boyu sirlərlə bəzədilib. Lakin buna baxmayaraq, qədim və müasir tarixçilər eyni fikrə gəlirlər: Misir kraliçası ağıllı, hökmlü, cazibədar, cəsarətli bir qadın idi. Bütün bunlarla bərabər o, fəlsəfə üzrə, ölçü vahidləri, sikkə sistemi, saç düzümləri, kosmetologiya haqqında bir sıra kitabların müəllifi olub. Həmçinin ərəb dili də daxil olmaqla yeddi dildə ustalıqla danışmağı bacaran Kleopatraya poliqlot da demək olardı.
Misirin iddialı kraliçası tarixdə daha çox Yuli Sezar və Roma sərkərdəsi Mark Antoni ilə yaşadığı sevgi tarixçəsilə məşhurlaşıb. Məhz bununla da, Misirə 20 illik müstəqillik təmin edə bilmişdi.
Deyilənlərə görə, Kleopatranın bədxərcliyinin həddi-hüdudu, sərvətlərinin isə ucu-bucağı olmayıb. Onun bir kokteyl üçün xərclədiyi məbləğ indiki pulla 16 milyon dollardan çox olubmuş. Məhz buna görə də qədim kimyaçılar onun fəlsəfə daşına sahib olduğunu və metalları qızıla çevirdiyini düşünürdülər. Kraliça bütün zəhərli maddələri yığır və zindana düşərək məhkumların üzərində müxtəlif tədqiqatlar aparırdı.
Əslində Misir kraliçası görünüşünə görə o qədər də gözəl deyilmiş.
Bəzi tədqiqatçılar onun cəlbedici və gözəl olmadığını söyləyirlər. Faktlara əsasən onun böyük burnu, dar çənəsi varmış. Üstəlik kök olduğu da söylənilir. Aydındır ki, yalnız zəkasının və təbii cazibəsinin sayəsində güclü cinsin nümayəndələrini heyran edə bilib.
Tarixi faktlara görə, Kleopatra Oktaviana məğlub olduğunu və onun Romanın ilk imperatoru olacağını bildikdən sonra ilan zəhəri ilə özünü zəhərləyib. Onun zəhəri içən kimi anidən öldüyü deyilir. Lakin araşdırmalara görə istifadə edilən ilan zəhəri insanı yalnız bir neçə saatdan sonra öldürə bilər. Digər versiyaya görə isə kraliçanın içi boş olan saç sancağında hər zaman zəhər gəzdirdiyi söylənilir. Məhz bu zəhəri Kleopatra və onun iki qulluqçusu kiçik dozada qəbul edirlərmiş.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrkasından götürülmüşdür.