VIII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir. Kitabxana sərgiyə incəsənət, tarix, bədii ədəiyyat və s. sahələri əhatə edən 200-dən artıq kitab ilə qatılmışdır. Kitabların içərisində kitabxananın bu il elan etdiyi “Nəşrlərin satınalması müsabiqəsi” nəticəsində əldə etdiyi, son illər nəşr edilən kitablar üstünlük təşkil edir. Bundan əlavə kitabxananın stendində sərgilənən kitablar içərisində Fikrət Əmirovun 100, Əhməd Cavadın və Hüseyn Cavidin 130, Ömər Faiq Nemanzadənin 150, Xurşidbanu Natəvanın 190 illik yubileyləri, “Şuşa İli” ilə əlaqədar kitablar da nümayiş etdirilir. Ötən gün ərzində Respublika Gənclr Kitabxanasının stendini millət vəkilləri Qənirə xanım Paşayeva və Əziz Ələkbərli, AMEA-nın M. Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Cabbarlı, Albaniya Respublikasının “Fan Noli” nəşriyyatının direktoru Rexhep Hida və başqaları ziyarət etmişlər.
Oktyabrın 7-də Respublika Gənclər Kitabxanasının nəşrə hazırladığı “Sən azadsan!” kitabının təqdimat mərasimi keçiriləcəkdir. Sözügedən kitabda Azərbaycanın şanlı zəfər tarixi – 44 günlük müharibəyə həsr olunmuş, 20-ə yaxın gənc yazarın qələminin məhsulu olan 30-dan çox ədəbiyyat nümunələri toplanmışdır.




