Vircinia Vulf
Ədəbiyyatda modernizm və feminizm, fikir axını texnikası deyiləndə ağla gələn ilk adlardan biri Vircinia Vulf olur. Adi bir fikirlə başlayıb bir neçə dəqiqə sonra insanı tamamilə başqa mövzuda düşündürməyə vadar edən bu ingilis yazıçısı, məhz belə bir texnikadan istifadə edərək yaratdığı obrazların daxili monoloqlarını bütün çılpaqlığı ilə oxucuya çatdıra bilirdi. Bəlkə də, bu qədər açıq-saçıq, emosional yazı tərzi onun acı taleyi ilə bağlı idi. Həyatı sirlərlə dolu olan bu yazıçı ömrü boyu nədənsə qorxub, kişilərdən, tanımadığı insanlarla ünsiyyətdən, hətta həyatın özündən belə. Daim qarabasmalarla əlləşən, intihara meyilli olan bu dahinin qorxuları heç də təsadüfi deyildi...
Hələ 13 yaşında ikən yaşadığı qorxunc bir olay onun bütün həyatını alt-üst edib. Başına gələn bu hadisə Virciniyanın bütün həyatı boyunca kişilərə olan münasibətdə antipatiyanın başlanğıcını qoydu. Üstəlik, əvvəlcə anasının, daha sonra isə atasının qəflətən dünyasını dəyişməsi qızcığazın psixikasında dərin izlər buraxdı.
Deyilənlərə görə, başına gələn müsibətlərdən sonra ümidsizliyə qapılan 22 yaşlı gənc yazar özünə qəsd etməyə də çalışıb. O, pəncərədən tullanaraq intihara cəhd edib. Amma hündürlük yetərli olmadığından ciddi xəsarət almayıb. Lakin ölümün cəngindən xilas olsa da, ömrünün sonuna qədər güclü, psixi tutmalardan canını qurtara bilməyib. Bütün bunlara baxmayaraq, uzun müddət sonra Leonard Vulfa ərə gedən yazıçının nikahı sadəcə kağız üzərində idi.
Dərin depressiya hallarında Virciniya bütün günü qədim Yunanıstanın zeytun ağaclarında cəh-cəh vuran quşların səslərini eşitdiyini və uzun müddət yuxusuzluğa, qarabasmalara görə işləyə bilmədiyindən şikayət edirdi.
Yazıçının qeyri-adi, özünəməxsus yazı texnikası var idi. Bir müddət əsərlərini ayaq üstə, çox hündür masanın arxasında yazırmış. Ona görə belə edirmiş ki, lazım gələndə rəssamlar kimi arxaya çəkilib öz şedevrinə kənardan baxıb tamaşa edə bilsin. Hətta, hər dəfə növbəti kitabını yazıb bitirəndə kədərlənən yazıçı, həmişə: "Mənim ölümüm böyük bir hadisə olacaq, amma təəssüf ki, mən bu hadisəni görüb təsvir edə bilməyəcəyəm", - deyərdi.
Şəkil çəkdirməkdən zəhləsi gedən Vircinia ona tuşlanan fotokameralardan qıcıqlanırmış. Yazıçının dəbdən heç başı çıxmırmış, hətta hər hansı tədbirə gedəndə geyindiyi libasın həmin məkana uyğun olub-olmaması ilə bağlı təlaş keçirirmiş.
Ərə getdikdən sonra Virciniya yaxşı evdar qadın olmaq fikrinə düşür və kulinariya kurslarına yazılır. Kursu bitirən yazıçı bir gün çox həvəslə pudinq bişirir. Hazırladığı təamın içindən nə çıxsa yaxşıdır? - Özünün nişan üzüyü.
İkinci Dünya müharibəsi ərəfəsində Hitlerin qələbə qazanacağı təqdirdə Vircinia əri Leonard ilə intihar edəcəklərini planlaşdırıblarmış. Özü ilə bərabər, ərini də ölümə sürükləmək istəyən yazıçı, hətta buna görə qarajda ehtiyat üçün içi benzinlə dolu çoxlu qablar saxlayırdı. Xoşbəxtlikdən diktatorun məğlubiyyəti yazıçının "arzusunu" ürəyində qoysa da, amma get-gedə xəstəliyi ağırlaşan Vircinia sonda öz məqsədinə çatır. Belə ki, ərinin həyatının qalan hissəsini onun dəliliyi ilə bağlı qayğılarla keçirməsini istəməyən Vircinia ciblərinə daş dolduraraq özünü Ous çayına ataraq intihar edir.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrkasından götürülmüşdür.