13 yanvar, 2025
Paylaş:

Vivyen Li

Deyilənə görə, Hindistanda xidmət edən Böyük Britaniya zabitinin arvadı Gertruda Hartli hamilə vaxtı yuxudan qalxarkən hər gün Himalay dağına tamaşa edərdi. Qadın mövhumatçı ümidlərlə gələcək qızının da Himalayın döşündə açılan səhər kimi əsrarəngiz gözəlliyə malik olacağına inanırdı. Bəlkə də elə buna görə Vivyen Li öz gözəlliyi ilə Hollivudun ağlını başından aldı... "Küləklə sovrulanlar" filmindəki Skarlet obrazı ilə bütün dünyanın diqqətini özünə çəkən bu xanım Hollivudun ən parlaq, sevilən simalarından birinə çevrilsə də, taleyinə yazılan uğursuz sevgi və əlacı olmayan xəstəlik üzündən məşhurluğun dadını çıxara bilmədi... Onun həyatı sanki "küləklə sovruldu...".

Vivyen Meri Hartli Hindistanda anadan olub. İngilis əsilli zabit atası Ernest Hartli Hindistanda xidmət edib. Damarlarında irland, fransız, ingilis qanı axan anası Gertruda Robinson isə ev işləri və uşaqların tərbiyəsi ilə məşğul olub. Vivyenin valideynləri Londonda tanış olublar. Toydan bir qədər sonra cütlük şəhər-şəhər, ölkə-ölkə gəzib. Darcilinq şəhərində anadan olan Vivyen də sonra ailəsi ilə birlikdə Banqlora köçüb və uşaqlığının böyük hissəsini bu şəhərdə keçirib.

Aktrisa Londondakı Dram Sənəti Akademiyasında təhsil aldığı illərdə vəkil Herbert Li Holmanla tanış olub. Vivyendən 13 yaş böyük olan vəkil Holman incəsənəti və teatrı qətiyyən sevməyib. Mühafizəkar təbiətli Herbert sevdiyi xanımın işləməsinə kəskin etiraz edib. Lakin bütün bu ziddiyyətlərə rəğmən Vivyen və Herbert ailə həyatı qurublar. Ev işləri, ailə qayğıları ilə məşğul olan Vivyen Akademiyanı çətinliklə də olsa bitirib və qızı Syuzannanı dünyaya gətirib. Amma bir müddətdən sonra Vivyen səhnəsiz, sənətsiz yaşaya bilmədiyini anlayıb. Ev qadını obrazından bezən Vivyen ərindən ayrılıb və səhnəyə çıxmağa qərar verib. Həmin dövrdə aktrisa "İşlər yolundadır" filmi ilə kinoda debüt edib. "Xeyirxah adamın maskası" tamaşasındakı rolu ona məşhurluq gətirib. "Ən əsası isə aktrisanın həyatını büsbütün dəyişib. Nümayişlərin birində əfsanəvi aktyor Lourens Olivye Vivyenin qrim otağına gələrək uğurlu çıxışa görə onu təbrik edib. Vivyen və Lourens tezliklə dostlaşıblar. "İngiltərə üzərində alov" filminin çəkilişləri zamanı bu dostluq sevgiyə çevrilib. Sevgililər ölkənin puritan qanunlarında düzəlişlər edərək ictimai rəyin ziddinə gedirlər. Onlar hər ikisi evli idilər, lakin bu vəziyyət Vivyen Li və Lourens Olivyenin bir-birilərini ehtirasla, çevrilib arxaya baxmadan sevmələrinə mane ola bilmir. Yalanlarla yaşamamaq üçün Vivyen çox cəsarətli bir addım atır: "Tayms" qəzetinə açıq müsahibəsində şəxsi həyatı haqqında danışır və "qəzəblənmiş cəmiyyət" rəhmə gəlir, sevgililəri bağışlayır.

Vivyen və Lourens nikahı aktyor ailələri arasında ən xoşbəxti hesab olunurdu. Lakin əslində ulduzların ailəsində baş verənlər daima həyəcanlı xəbərlərlə dalğalanan publikadan gizli saxlanılırdı. Vivyen, sözün əsl mənasında, ərinə pərəstiş edirdi. Lakin onun vərəm xəstəliyindən əziyyət çəkməsi çəkilişlər zamanı depressiya tutmaları ilə nəticələnirdi. Xəstəlik onun psixikasına ağır təsir etdiyi üçün aktrisada ürəkgetmə və ağılsızlıq əlamətləri müşahidə olunurdu. O, müalicə məqsədi ilə elektroşok seanslarına da yazılırdı, lakin bu, onun vəziyyətini daha da pisləşdirirdi. Olivye ilə Vivyenin uşaqları olmurdu və üstəlik, aktrisanın səhhətinin pisləşməsi onların münasibətlərinə də təsir edirdi. Olivye artıq arvadına xəyanət edərək aktrisa Coan Plourayt ilə sevgi yaşayırdı. Vivyenin 45 yaşında əri ona avtomobil hədiyyə edir və əvəzində boşanmaq istədiyini deyir. Bu, Vivyen Li üçün ağır zərbə olur. 17 illik ailə həyatı beləcə sona çatır...

Sevdiyi insandan ayrılmaq Vivyenin xəstəliyini daha da sürətləndirir. Məşhur Skarlet 53 yaşında ağciyər vərəmindən dünyasını dəyişir. O, ömrünün son anınadək yalnız onu - Lourens Olivyeni sevir... Aktrisanın vəsiyyətnaməsinə görə, onu kremasiya edirlər, külünü isə yaşadığı evin qarşısında yerləşən gölə səpirlər...

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()