Volf Messinq
Özü qədər adı da, müəmmalı səslənən bu adam XX əsrin ən məşhur ekstrasenslərindən biridir. O, telepat, hipnozçu Volf Qriqoryeviç Messinqdir. Dahi telepat nəsil olaraq yəhudi ailəsindən idi. Onun atası oğlunun əsl yəhudi keşişi olmağını arzulayırdı. Lakin onun bu arzusu gərçəkləşmədi...
Volf uşaqlığının erkən yaşlarından bütün həmyaşıdlarından fərqlənirdi. O ”altıncı hissə” sahib idi və çox vaxt baş verə biləcək hadisələri öncədən təxmin edirdi. Bundan əlavə, balaca Volf lunatizmdən əziyyət çəkirdi. Gecələr o öz yatağından qalxır, pəncərəyə yaxınlaşır və yuxuda ayı müşahidə edirdi.
Atasının arzuladığı kimi ruhani olmağa ciddi cəhdlə etiraz edən Volf cibində cəmi 9 qəpik ilə evdən qaçır. Berlinə gedib qatara əyləşir və bu andan etibarən onun həyatında inanılmaz hadisələr baş verməyə başlayır...
Təbii ki, onun biletə pulu çatmırdı və o, oturacağın altında gizlənmişdi. Qatar nəzarətçisi biletləri yoxladıqda onu aşkar edir. Volf yerə düşmüş adi bir kağız parçasını götürür və nəzarətçiyə uzadır. Bu zaman o diqqətlə nəzarətçinin gözlərinə baxır və onu adi kağızın bilet olduğuna inandırmağa çalışır. Nə qədər qəribə görünsə də, bu, belə də olur. Nəzarətçi “bileti” Volfa qaytarır və ona normal vəziyyətdə əyləşməsini tapşırır. Beləliklə, Messin ilk dəfə olaraq hipnoz etmə bacarığını özündə kəşf edir.
Bu hadisədən sonra həyatında baş verən bəzi olaylar onun həyatını xilas edir.
Bir dəfə Berlinə çatan balaca Volf aclıq və yorğunçuluqdan gücsüz halda şəhərdə gəzir. Lakin aclığa tab gətirməyən uşaq huşunu itirir və katalepsiya vəziyyətinə düşür. O, küçədə tapıldıqda nəfəs almırdı və nəbzi eşidilmirdi. Volf xəstəxanaya çatdırılır və burada onun öldüyünü düşünüb, cəsədi morqa göndərirlər. Cəsədin morqda olduğu üçüncü gün bir tibb tələbəsi oğlanın ürəyinin zəif şəkildə döyüldüyünü hiss edir. Psixiatr Abel baş vermiş bu hadisə ilə maraqlanır. O, bunu onunla izah edir ki, oğlan ürək döyüntülərini zəiflətmək və orqanızmın gücünü qorumaq üçün katalepsiya vəziyyətinə düşməyə qadirdir. Məhz bu psixiatr gələcəkdə Messinqə öz imkanlarından necə istifadə etməyi öyrədir.
Beləliklə, Messinq ölü təqlidi yaradaraq öz ilk pullarını qazanmağa başlayır. O, ictimaiyyət qarşısında ani olaraq ölür və daha sonradan dirilirdi. Tezliklə o, insanların fikirlərini oxumağa başlayır və inanılmaz bacarıqlarını nümayiş etdirərək Avropa və Cənubi Amerikanı gəzir. O öz bacarıqları sayəsində gənc yaşlarından Ziqmund Freyd və Albeyt Eynşteyn kimi dünya dahilərinin etibarını və hörmətini də qazanmışdı.
Onlar onu qonaq çağırır və bəzi tapşırıqları etməyi xahiş edirdilər.
Messinqin həyatından daha bir maraqlı hadisə onun həbsdə olması ilə bağlıdır. Hitler hakimiyyətə gəldikdən bir müddət sonra, Messinq Hitlerin şərqə gedəcəyi təqdirdə məğlub və həlak olacağını deyir. Bu sözlərdən sonra Volf Messinq tutulur, döyülür və karserə atılır. Lakin Messinq həbsxana işçilərini hipnoz edərək kameradan çıxmağa nail olur və üstəlik onların özlərini kameraya salır.
Uzun illər ərzində onun həyatını araşdıranların gəldiyi qənaətə görə, bu adam özünü Xlestakovun, yaxud Münhauzerin yerinə qoymuş fırıldaqçı və ya adı bir telepatdır. Lakin neçə illərdi araşdırmaçıların başının bəlasına çevrilə bilibsə, deməli, artıq qeyri-adiliyini sübuta yetirə bilib. Messinq nə qədər mehriban, ünsiyyətcil insan olsa da, ömrünün sonuna qədər tənha bir həyat yaşamışdı. Əvvəldən anadan yetim qalan Volf eksperimentlərdə ona yardım edən Alida Mixaylovna evlənsə də, övladı olmadı, ardından qadın da vəfat elədi. Beləcə, bütün ömrünü Sovetlərin estrada səhnəsində keçirməyə məcbur olan 75 yaşlı Əməkdar artist Volf Qriqoryeviç Messinq sonuncu dəfə Moskvada “Oktyabr” kinoteatrında çıxış etdi və həmin il ürəyində keçirilən cərrahiyə əməliyyatından sağ çıxa bilmədi. Sovet hakimiyyəti dostlarına və həmkarlarına onun qəbrinin üstünü götürmələrinə də icazə vermədi.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.