Vyaçeslav Molotov
Vyaçeslav Molotov İosif Stalinin hakimiyyəti illərində ölkənin ikinci şəxsi sayılıb. Ən qapalı siyasi fiqurlardan biri kimi tanınan Molotov rəhbərə son dərəcə sədaqətinə görə "toxunulmaz" olub. Vyatka quberniyasının ucqar Kukarka kəndindən başlayan ömür yolu Kremlə qədər uzanıb. Xruşşovun qəzəbinə tuş gələn, ömrünün sonuna qədər ehtiyac içində yaşayan, yalnız 300 rublluq təqaüdü ilə dolanan bu adam skripkaçılıqdan SSRİ-nin baş naziri vəzifəsinə necə yüksəlmişdi?
Onun gerçək soyadı Molotov yox, Skryabin olub.
İnqilabi romantizm illərində istifadə etdiyi təxəllüsünü sonradan rəsmi sənədlərdə soyadına çevirib. Deyilənə görə, soyadını dəyişməsinin səbəbi kəkov olması ilə bağlıdır. O soyadını deyərkən kəkələyirmiş. Bütün siyasi karyerası boyunca Molotov İosif Stalinin ən yaxın 3 silahdaşından biri kimi yanından heç vaxt ayrılmayıb. Stalin onun bu sədaqətini yüksək qiymətləndirib. Bəzi bədii və publisistik ədəbiyyatlarda belə epizodlar var ki, Stalinlə ikili münasibətlərində ona sona qədər ərkyana şəkildə "Koba" deyə müraciət edən cəmi bir nəfər olub, o da Molotov imiş. Stalin də ona əzizləmə mənasında qısaca "Veçe", bəzən isə Molotoşvili deyirmiş. Ancaq bu şəxslərin hər ikisi ilə də düşmən olan Xruşşov öz memuarında yazır ki, Molotov Stalini məmnun etsə də, baş katib bəzən onu alçaltmaqdan zövq alırmış. Hətta bir neçə dəfə Molotova "yadındadırmı, inqilabdan əvvəl Kazanda tacirlər üçün skripka çaldığın vaxtlar onlar səni yerə yıxıb ağzına xardal sürtmüşdülər", - deyir, hamını güldürürmüş. Molotov isə pərt olsa da, Stalinin sözünün qabağından söz demirmiş. O, həqiqətən də Kazanda peşə məktəbində oxuyarkən skripka çalmaqla dolanıbmış.
Molotov Stalinin 30 ildən çox çəkən hakimiyyəti dönəmində, bugünkü dillə desək, əvvəlcə baş nazir, sonra xarici işlər naziri, bir ara isə hər iki vəzifəni paralel icra edib. "Böyük təmizlik"dən təmiz çıxan, həyat yoldaşı Polina Jemçujina "yəhudi millətçiləri ilə cinayət əlaqələrində" ittiham edildikdən sonra da Kremldə mövqelərini tam itirməyən Molotov Stalinə son dərəcə sədaqətli olduğuna görə "toxunulmaz" şəxsə çevrilib.
Molotovun adı bu gün də dünyanın dörd bir tərəfində, əksər ölkələrində kustar üsulla hazırlanan yandırıcı silahla - "Molotov kokteyli" ilə tanınır. Bu yandırıcı silahı o icad etməyib. Ancaq ona bu adı finlər qoyublar. Belə ki, 1939-1940-cı illərdə Finlandiyaya qarşı müharibəyə başlayan SSRİ paytaxt Helsinkini havadan bombalayıb və beynəlxalq ictimaiyyətin tənqidinə məruz qalıb. Tənqidlərə cavab verən SSRİ xarici işlər naziri Molotov riyakarcasına belə bir bəyanat verib ki, "sovet hərbi təyyarələri Finlandiyanın paytaxtına bomba deyil, aclıqdan əziyyət çəkən əhali üçün humanitar yardım paketləri atırlar". Bundan sonra fin ordusunun rəhbərliyi göstəriş verib ki, ölkəyə soxulan sovet tankları "humanitar" yolla - "Molotov kokteyl"ləri ilə qarşılansın. O zamandan bəri tanklara, ZTR-lərə, digər hərbi texnikalara atılan yandırıcı şüşələr belə adlanır.
Müsahibələrinin birində 100 il yaşamaq istəyini bildirsə də, 96 il ömür sürüb. Dəbdəbəli və zəngin həyatı xoşlamayan Molotov dövlət məmuru kimi sahib olduğu güzəşt və imtiyazlardan minimum istifadə edib. Yaşadığı üçotaqlı mənzildə hər şey çox sadə, sıravi sovet vətəndaşlarının mənzillərindəki kimi adi olub. Müasirlərinin söylədiklərinə görə, onun mənzilində yalnız bir fəqli "mənzərə" olub. Yataq otağına qoyduğu elektrik samovarı. Sadə yaşam tərzi ilə qane olan Molotov yüksək vəzifələrdə işlədiyi dövrlərdə hardan bilərdi ki, ömrünün sonlarında maddi ehtiyac içində yaşayacaq... 300 rublluq təqaüdü ilə dolanacaq...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.