Vyaçeslav Tixonov
Milyonlarla tamaşaçının qəlbində həmişə birinci dərəcəli sovet casusu olaraq qalan, "Baharın on yeddi anı" filmində "Ştirlis" obrazı ilə məşhurlaşan görkəmli rus aktyoru Vyaçeslav Tixonov... Bu rol təkcə aktyorun deyil, bütünlüklə SSRİ kinematoqrafiyasının böyük uğuru idi. Tixonov kinodakı fəaliyyəti boyu 70-dən artıq rola çəkilsə də, tamaşaçılar üçün "Ştirlis" olaraq qaldı. Bu, bəzən onu qıcıqlandırırdı: "Məndən kəşfiyyatçı düzəltdiniz" deyirdi...
Aktyor Moskva vilayətinin Pavlov qəsəbəsində dünyaya gəlib. Onun atası fabrikdə fəhlə, anası isə uşaq bağçasında tərbiyəçi işləyirdi. O, ilk peşəsini özü seçmişdi. Məktəbi bitirəndən sonra xarratlığa yiyələnmək üçün texniki peşə məktəbində oxudu. İkinci Dünya müharibəsi bitənədək xarrat kimi işlədi.
Vyaçeslav həyatda çox şeylərə öz intuisiyası ilə nail olmuşdu. O, kinematoqrafiya ilə çox maraqlanırdı. SSRİ-nin müharibəyə həsr olunan filmləri onu sanki ovsunlamışdı. Məhz bunun sayəsində gənc oğlanda kinoaktyor olmağa maraq yaranır. O, daim kino qəhrəmanlarını yamsılamağa çalışırdı. Amma ciddi məşqlər üçün demək olar ki, nə yeri, nə də vaxtı var idi. Vyaçeslav 1945-ci ildə Ümumittifaq Kinematoqrafiya İnstitutuna daxil olmaq üçün Moskvaya getsə də, qəbul imtahanlarından kəsilir. İnstitutun müəllimi Boris Bibikovun oğlana heyfi gəlir və onu plandan kənar olaraq öz fakültəsinə qəbul edir. Bununla da sovet kinematoqrafiyası səmasına parlaq bir ulduz bəxş edir.
"Aristokrat" və "avropasayağı" zahiri görünüşü ilə seçilən aktyora az qala SSRİ-nin bütün qadınları vurulmuşdu. İki dəfə evli olan Tixonovun ilk həyat yoldaşı tanınmış sovet aktrisası Nonna Mordyukova idi. Onlar birlikdə 13 il yaşayıblar. Bu nikahdan onların Volodya adlı övladları dünyaya gəlib. Çox az adam bilir ki, ekranların qəhrəmanı həyatda yumşaq və aciz insan olub. Aktyorun bu iradəsizliyi Nonna Mordyukovanı ondan uzaqlaşdırır. Kazak qızı olan Mordyukova çılğın xasiyyətli qadın idi. Tixonovun səbir kasası öz həyat yoldaşını başqası ilə yaxaladığı zaman dolur. Və o zaman Tixonov qapını çırpıb gedəndə Mordyukova "Axır ki, emosiyasını büruzə verdi!" deyərək, sevincini gizlətməmişdi.
Vyaçeslav Tixonov həyat yoldaşından ayrılanda 40 yaşı vardı. O, 25 yaşlı ingilis dili müəllimi Tamara İvanovna ilə evlənir. Onlar "Kişi və qadın" fransız filmi üzərində işləyərkən tanış olurlar. Aktyor baş qəhrəmanı səsləndirirdi, Tamara İvanovna isə o zamanlar institutda işləyirdi. Qadın evli idi, ancaq o, Vyaçeslava görə həyat yoldaşından boşanır. Qırx iki il davam edən bu evlilikdən aktyorun Anna adlı qızı doğulur.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.