“Xatirələrdə yaşayan Cəfər Cabbarlı” adlı ədəbi-bədii gecə"
26 dekabr 2019-cu il tarixdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şair, dramaturq Сəfər Cabbarlının anım gününə həsr edilmiş “Xatirələrdə yaşayan Cəfər Cabbarlı” adlı ədəbi-bədii gecə keçirildi.
Ədəbi-bədii gecə 1935-ci ildə görkəmli ədiblə Azərbaycan xalqının son vidasını əks etdirən videonun nümayişindən sonra başladı.
Anım gününü giriş sözü ilə açan böyük metodist Yeganə Sadıqlı tədbirin təqdirəlayiqliliyini vurğuladı, mahiyyəti haqqında məlumat verdi.
Kitabxananın direktoru Oruc Quliyev realist ədibin dühasının böyüklüyünü dilə gətirərək, əsərlərinin layiqli bədii sənət xəzinəsinin zənginliyndən danışdı. Qeyd etdi ki, C.Cabbarlı Azərbaycan ədəbiyyatı və mədəniyyətini dünya mədəniyyətinin bədii zirvələrinə qaldırmışdır.
Şöbə müdiri Tamella Məmmədova yada saldı ki, C.Cabbarlı 20 ildə 20 dram əsəri, 5 kinossenari, iki libretto, 14 hekayə, poema, onlarla satirik və lirik şeir yazmış, V.Şekspirin “Hamlet”, “Otello”, F.Şillerin “Qaçaqlar”, P.Bomarşenin “Fiqaronun toyu”, Afineqsnovun “Qorxu”, Slavinin “İntervensiya” pyeslərini, H.Uellsin “Yeraltı dünya”, Tolstoyun “Uşaqlıq” povestlərini dilimizə tərcümə etmişdir. O, eyni zamanda tənqidçi və sənət nəzəriyyəçisi, teatr və kino rejissoru idi.
Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva “Cəfər Cabbarlı-120” devizi altında keçirilən tədbirlər haqqında məlumat verdi.
Kitabxananın əməkdaşları Ülkər Nağıyeva, Rəvanə Məlikova, Şəbnəm Aslanova, Mədinə Əliyeva “Böyük dramaturq Cəfər Cabbarlı”, “Cəfər Cabbarlı və musiqi”, “Məmməd Əmin Rəsulzadə və Cəfər Cabbarlı” mövzularında çıxış etdilər. Fəridə Cəfərova, Almas Əhmədova “Cabbarlı irsinin kitabxanalarda təbliği” mövzularında kitabxana əməkdaşlarına məlumat verdilər. İradə Kərimova Cəfər Cabbarlının Ümümrusiya Yazıçılar İttifaqının I qurultayındakı nitqini iştirakçılara təqdim etdi.
Tədbirdə C.Cabbarlının müxtəlif illərdə yazdığı şeirləri oxundu, sözlərinə bəstələnmiş mahnılar səsləndirildi.