Yazıçı-publisist Ulduz Qasımın kitablarının təqdimatı

06 may, 2022
Paylaş:

Yazıçı-publisist Ulduz Qasımın kitablarının təqdimatı

Respublika Gənclər Kitabxanasında Moskvada yaşayan soydaşımız, yazıçı-publisist Ulduz Qasımın son zamanlarda çapdan çıxmış üç kitabının - "Qarabağda qiyamət", "Ağ göyərçinlər" və "Qaçaq Aslan"  əsərlərinin təqdimat mərasimi keçirildi. Təqdimat mərasimində “Xalq qəzeti”nin baş redaktorunun müavini, Əməkdar jurnalist Tahir Aydınoğlu, Əməkdar jurnalistlər Zemfira Məhərrəmli və Antiqa Qonaq, “Şuşa” qəzetinin baş redaktoru, tədqiqatçı-jurnalist  Vasif Quliyev,  "Kredo" qəzetinin təsisçisi, şair, yazıçı Əlirza Xələfli, şairə Elmira Aslanxanlı Turan,  Şuşa fatehi, şəhid Fərid Ələkbərovun anası Şükufə xanım, Vətən müharibəsi qaziləri, kitabların naşirləri və başqaları iştirak edirdilər.

Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov öz çıxışında qəlbi daim vətən sevgisi ilə döyünən, vətənpərvər xanım Ulduz Qasımın yaradıcılığında Qarabağ mövzusunun aparıcı xətt olduğunu, bu mövzuda qələmə aldığı əsərlərin gələcək nəsillər üçün müstəsna dəyərini, tarixi əhəmiyyətini qeyd etdi.

Tədbirdə “Xalq qəzeti”nin baş redaktorunun müavini, əməkdar jurnalist Tahir Aydınoğlu Ulduz xanımın qürbət eldə Vətən sevgisi ilə qələmə aldığı hər bir əsərinin Azərbaycanın, Qarabağ tarixinin, hadisələrinin təbliğatı yönümündə olan əhəmiyyətindən danışdı. Müəllifin Qarabağ mövzusunda yazdığı əsərlərin canlı şahidlərin xatirələri, Ulduz xanımın şəxsi tədqiqatları sayəsində yazıldığını söylədi.  “Qaçaq Aslan” əsərinin isə “güney” mövzusunda isti, səmimi bir ailə hekayətini, bir vətəndaş barışmamazlığı mövzusunda qələmə alındığını bildirdi.

Tədbirdə iştirak edən qonaqlar - əməkdar jurnalistlər Zemfira Məhərrəmli və Antiqa Qonaq, “Şuşa” qəzetinin baş redaktoru, tədqiqatçı-jurnalist  Vasif Quliyev Ulduz Qasımın yaradıcılığının müxtəlif çalarlarını, toxunduğu aktual və vacib mövzuları, məhsuldar, həm də olaylara fərqli baxış sərgiləyən bir yazar kimi geniş oxucu kütləsinə malik olduğunu qeyd etdilər.Müəllifin qələmə aldığı bütün əsərlərdə müşahidə edilən yazı üslubu, hadisələrin canlı təsviri, oxucuları riqqətə gətirən səhnələr haqqında danışdılar. Bu əsərlərin xarici dillərə tərcümə olunması və daha geniş oxucu auditoriyasında təbliğ olunması zəruriyyətini vurğuladılar.

Sonda müəllif Ulduz Qasım bu tədbirin məhz mədəniyyət ocağı olan gənclər  kitabxanasında təşkil olunmasından böyük məmnunluq hissi duyduğunu qeyd etdi, tədbirin təşkilinə görə kitabxanaya öz dərin minnətdarlığını bildirdi. Təqdimatı keçirilən kitabların vətənpərvərlik ruhunda yazılan,  baş vermiş tarixi gerçəkliklərə əsaslanan əsərlər olduğunu söyləyərək, bundan sonra da bütün yaradıcılığını bu mövzuya həsr edəcəyini bildirdi.

Tədbirin sonunda müəllif kitablarını imzalayaraq, qonaqlara hədiyyə etdi.

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()