Yazıçı Rövşən Abdullaoğlu ilə görüş

31 may, 2022
Paylaş:

Yazıçı Rövşən Abdullaoğlu ilə görüş

31 may 2022-ci il tarixində Respublika Gənclər Kitabxanasında tanınmış yazıçı, şərqşünas, psixoloq Rövşən Abdullaoğlunun iştirakı ilə “Müasir gəncliyin mütaliə mədəniyyəti. Kəsişən qütblərin müzakirəsi” adlı tədbir təşkil olundu. Tədbirdə müxtəlif ali təhsil ocaqlarının tələbələri, gənclər, kitabxana əməkdaşları iştirak edirdi.

Tədbirdə kitabxananın direktoru Aslan Cəfərov bu gün Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasəti anlayışının bizə ulu öndər Heydər Əliyevdən miras qalmasını və bu gün də bu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini söylədi. Azərbaycan gəncliyinin ictimai həyatın bütün sahələrində kifayət qədər fəal olması, öz intellekti, vətənpəvərlik ruhu ilə bir çoxlarına örnək olduğunu bildirdi. Məhz Vətənin gənc, vətənpərvər oğulları sayəsində Azərbaycanın zəfər dastanının yazıldığını söylədi.

Kitabxananın qonağı yazıçı-psixoloq Rövşən Abdullaoğlu ilk növbədə tədbir iştirakçılarına öz həyatı, yaradıcılığı, ilk qələm təcrübələri haqqında qısa məlumat verdi. Qonaq tədbir iştirakçılarının suallarını cavablandırmaqla yanaşı, müəllifi olduğu “Bu şəhərdə kimsə yoxdur”, “Abaddon”, “Reyslər üzərində uzanmış adam” əsərləri haqqında söhbət açdı, yazıçılıq fəaliyyətinin incə məqamlarına toxundu. Müəllif ilə görüşdə müasir gəncliyin fərdi inkişaf aspektləri, motivasiya imkanları, özgüvən problemlərinin müzakirəsinə  də yer verildi. Rövşən Abdullaoğlu müasir gəncliyin mütaliəyə cəlb olunması məsələsinə dair öz şəxsi mülahizələrini dilə gətirdi, mütaliənin ən uğurlu təbliği metodları, həmçinin öz mütaliə üstünlükləri barədə də danışdı.

Sonda yazıçıya ünvanlanan üç ən uğurlu sualın müəllifinə yazıçı tərəfindən “Hər bir insan hökmdardır” imzalı kitabı hədiyyə edildi. Rövşən Abdullaoğlu bu səpkili tədbirlərin -  yazıçı ilə görüşlərin, imza günlərinin məhz mədəniyyət və mütaliə ocağı olan kitabxanalarda təşkil olunması zəruriyyətini yüksək qiymətləndirdi, bu cür imkanın yaradıldığına görə kitabxanaya minnətdarlığını bildirdi. Tədbirin sonunda xatirə şəkli çəkdirildi.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()