Yuli Sezar
Qədim Roma dedikdə ilk olaraq Yuli Sezar yada düşür. Ona görə yox ki, Romada ondan başqa heç kim tarixdə iz qoymayıb. Yox. Qədim Roma dövləti cəmi bir şəhərdən ibarət olub və bu şəhər əsrlər boyunca Avrasiyanın əksər ölkələrinə hökmranlıq edib.
Yuli Sezar Makedoniyalı İsgəndərdən sonra dünyanın ikinci zəka və hərb möcüzəsi sayılır. Təkcə qılıncı və qələbələrinə görə yox, ağlına, idrakına görə də onun tayı-bərabəri olmayıb. Təsadüfi deyildir ki, bütün səfər və yürüşlərində onun ayrılmaz "yoldaşlarından" biri də İsgəndərin kiçik mərmər büstü olub...
Deyilənə görə, Sezar zadəgan ailəsində doğulub və troyalıların nəslindən imiş. Onun şəxsiyyət kimi inkişafına 15 yaşında ikən atasının erkən ölümü təsir edib. Buna görə yeniyetmənin tərbiyəsi və təhsili tamamilə anasının çiyninə düşüb.
Sezarın siyasi fəaliyyətə Mariy və Sullanın mübarizəsi dövründə başlamışdı. Mariy ilə qohum olan Sezar bu qohumluqdan imtina etmək təklifini rədd etmişdi. Onu labüd ölümün pəncəsindən yalnız nüfuzlu dostları xilas etmiş və Sezar Romanı tərk etməyə məcbur olmuşdu. Yolda dəniz quldurlarına əsir düşsə də, pul verib azadlığa çıxan Sezar xaraba bir şəhərdən keçərkən belə demişdir: "Mən Romada ikinci adam olmaqdansa, burada birinci adam olmağı istərdim".
Məşhur Roma imperatoru və dövlət xadimi Yuli Sezar Afrika sahillərinə çıxarkən ayağı büdrəmiş və yıxılmaq istədikdə özünü sındırmayaraq, gülünc vəziyyətdən çıxsın deyə: "Ah, Afrika, mən səni qucaqlayıram", - demişdir.
Makedoniyalı İsgəndər kimi məğlubiyyət nə olduğunu bilməyən Sezar, həm də onun kimi, bəlkə daha artıq səxavətli olmuşdur. Belə ki, yaxın dostlarından birinin xahişi ilə onun yanına göndərilən bir adama Sezar bütöv bir ölkə bağışlamışdı.
Sezar döyüşçülərinin onu Tanrı qədər sevdiyini bilirdi. Ona görə də döyüşçülərin yürüş zamanı onun haqqında oxuduqları satirik, hətta ədəbsiz mahnıları da təbəssümlə qarşılayırdı.
Onun 35 xəncər zərbəsi nəticəsində ölümü Roma tarixində görünməmiş bir hadisə kimi qəbul edilmişdi. Bütün Romanı qorxu içində saxlayan, zahirən özünü demokrat kimi göstərən, daxilən isə qanlı bir diktator olan 55 yaşlı Sezarın taxtında qətlə yetirilməsi xalq üçün toy-bayram idi...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.