Yuri Andropov
Onun adı Kreml tarixinə ən müəmmalı, mürəkkəb xarakterli, təkəbbürlü, həmişə birinciliyə iddialı, olduqca qapalı bir siyasi fiqur kimi düşüb. Onu "Stalin rejiminin davamçısı", hətta "yeni Stalin" də adlandırıblar. Söhbət 15 il SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edən, oğlunun dəfninə getməyən Yuri Andropovdan gedir...
Yuri Andropovun uşaqlıq illəri olduqca ağır və çətinliklə keçib. Beş yaşında atasını, on üç yaşında anasını itirən Andropov on altı yaşından əmək fəaliyyətinə başlayıb. İlk işi anbarda yük daşımaq olub.
Sonralar Andropov partiya xətti ilə sürətlə irəliləyib.
Andropovun siyasi fəaliyyətində diqqət çəkən məqamlardan biri Macarıstanda səfir işlədiyi dövr olub. Məhz həmin dövrdə Macarıstanda kommunist rejiminə qarşı baş verən üsyanların yatırılmasında Andropov böyük fəallıq göstərib. Belə ki, üsyanların yatırılması üçün sovet qoşunlarının ölkəyə daxil olmasına birbaşa o rəhbərlik edib. Hadisələr zamanı xidməti maşınında üsyançıların müqavimətinə də rast gəlib. Səfir məcburiyyət qarşısında qalıb avtomobildən düşürək üsyançılardan yaxa qurtara bilib. İki saat piyada getdikdən sonra səfirliyə çatıb. O yol boyu kommunistlərin ayaqlarından necə asıldıqlarının da şahidi olub. Yuri Andropov Macarıstan hadisələri zamanı infarkt keçirib.
Baş katib iki dəfə ailə qurub. Bu izdivaclardan onun iki qızı, iki oğlu dünyaya gəlib. Birinci nikahdan olan Vladimir adlı oğlu 23 yaşına qədər iki dəfə məhkumluq həyatı yaşayıb. Azadlığa çıxdıqdan sonra isə tüfeyli həyat sürüb, içkiyə qurşanıb və 35 yaşında qaraciyər sirrozu xəstəliyindən vəfat edib. Atası oğlunun xəstəliyi dövründə bir dəfə də olsun belə ona baş çəkməyib. Andropov Vladimirin dəfnində də iştirak etməyib. Əsas səbəb isə oğlunun məhkumluğunun Andropovun siyasi karyerasına xələl gətirəcəyi olub.
Yuri Andropovun SSRİ-yə rəhbərlik dövrü bir sıra qalmaqallı kadr dəyişikliyi və həbslərlə də yadda qalıb. SSRİ daxili işlər naziri Nikolay Şelokovu öz postundan uzaqlaşdırması, onun partiya sıralarından xaric edilməsi və sonda nazirin intihar etməsi dövrün ən səsli-küylü hadisələrindən biri idi. Andropov üçün Şelokov hələ onun "milis qiyam"ı etmək istədiyi vaxtdan hakimiyyətdə arzuolunmaz bir fiqur idi. İntihardan bir neçə müddət sonra Şelokovun həyat yoldaşı Baş katibin yaşadığı evin liftində silahdan bir neçə dəfə atəş açmış və sonda özünü güllə ilə öldürmüşdü. Siyasi rəqiblər Andropov və Şelokov Kutuzov küçəsində eyni binada yaşayıblar.
15 aylıq hakimiyyəti dövründə Yuri Andropov 18 naziri vəzifəsindən uzaqlaşdırıb. Böyük əks-səda doğuran hadisələrdən biri də sabiq Baş katibin qızı Qalina Brejnevanın və həyat yoldaşı general Yuri Çurbanovun həbsləri idi. Bütün həbslər və kadr islahatları korrupsiyaya qarşı mübarizənin nəticələri sayılırdı. Sovet vətəndaşları cinayətkarlıqla mübarizə baxımından bu hadisələri normal qitmətləndirsələr də, ancaq "Stalin rejimi"nin qayıtması kimi bir xof ciddi narahatçılıq yaradırdı.
Sovet qoşunlarının Əfqanıstana yerləşdirilməsi də Yuri Andropovun təşəbbüsü olub. Bu təşəbbüsdə Ustinov və Qramıko Andropovu dəstəkləyib. Dövlət Təhlükəsizliyi Komitəsində fəaliyyət göstərən məşhur "Alfa" qrupu Andropovun səyi ilə yaranıb. Bir gün də olsa belə əsgər şineli geyinməyən Yuri Andropov ordu generalı rütbəsini daşıyıb. O, bu rütbəyə görə aldığı pulu uşaq evinə köçürüb. Digər sovet rəhbərlərindən fərqli olaraq zəngin həyat tərzi keçirməyi sevməyən Baş katib ona verilən bütün hədiyyələri muzeyə bağışlayıb. Vəfat etdikdən sonra ailəsinə Moskvada Kutuzov küçəsindəki mənzilindən başqa heç nə qalmayıb. Yuri Andropov poeziya həvəskarı olub. Özü də yazdığı bir sıra şeirlərini başqa imzalarla dövri mətbuatda çap etdirib.
Öz mürəkkəb xarakteri ilə Kremlin tarixində izlər qoyan Andropov 69 yaşında uzun sürən böyrək xəstəliyi nəticəsində vəfat edib. O, Qırmızı meydanda, Kreml divarlarının qarşısında dəfn olunub.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.