17 fevral, 2025
Paylaş:

Yuri Nikulin

"Səni heç kim kinoya çəkməz, Nikulin". Bu sözləri ona Moskva Kinematoqrafiya İnstitutunun imtahanlarından kəsilən zaman komissiya üzvlərindən biri demişdi... O zaman haradan bilərdilər ki, sirk səhnələrində klounluq edən bu adam bir gün məşhur sovet filmlərində maraqlı obrazlar yaradaraq milyonların sevimlisi olacaq.

Sovet dövründə sirkə çox böyük maraq olsa da, əslində Yuri Nikulin fəth etdiyi zirvələrə bu vasitə ilə ucalmayıb. Onun hər yerdə sözünün keçməsi heç də məşhur kloun olduğundan irəli gəlməyib. 75 illik ömrünün 50 ilini sirkə həsr etsə də, kino ona daha çox populyarlıq qazandırıb. Təbii ki, heç vaxt sirkə getməyən Stalinin, sirkin yolunu tanımayan Xruşşovun, əyləncələri sevən Brejnevin Nikulinə xoş münasibəti sirklə bağlı olmayıb. Amma əvvəlkilərdən fərqli olaraq Leonid İliç Brejnev bir dəfə Yuri Nikulini sirk səhnəsində canlı olaraq seyr etmək eşqinə düşüb, lakin bu ona baha başa gəlib. Sirkə təşrif buyuran Brejnev, gəlişi ilə, sözün əsl mənasında, fərqli bir sirk səhnəsi yaradıb. O xüsusi lojaya keçən məqamda tamaşaya uyğun olaraq işıqlar söndürülüb. Cəmi 3 pilləsi olan lojaya qalxanda Brejnev yıxılıb. Bax, elə əsl sirk də bundan sonra başlanıb. Uzun müddət sirkdə istintaq aparılıb, işığın məhz niyə həmin anda və kim tərəfindən söndürülməsi araşdırılıb, cəzalar tətbiq olunub...

Yuri Vladimiroviç Nikulin Smolenskdə dünyaya gəlib. Atası Vladimir Andreyeviç Smolensk teatrında işləyirdi. Anası da həmin teatrda aktrisa idi. Nikulin iki müharibənin, sovet-fin və 1941-1945 Almaniya-SSRİ müharibəsinin iştirakçısı olub. Hər iki müharibədə orden və medallarla təltif olunub, müharibədən kontuziya ilə qayıdıb. Uşaqlıq illərindən teatr səhnələrinə, sirk manejlərinə, çəkiliş meydançalarına böyük maraq göstərən Nikulin, ordudan tərxis olunduqdan sonra bu arzusunu gerçəkləşdirmək qərarına gəlib və sənədlərini Moskva Kinematoqrafiya İnstitutuna verib. Elə ilk müsabiqədən "səndə kino ilə bağlı heç nə yoxdur, sən bu sahə üçün yaramırsan" deyib geri qaytarıblar. Növbəti dəfə Nikulin Teatr İnstitutuna üz tutub. Eyni sözləri burada da eşidib: "Biz sizdə heç bir istedad, talant görmürük...".

Cəbhə dostlarından biri Nikulinə Moskva sirkinə getməyi məsləhət görüb. Nəhayət, Nikulini sirkin nəzdində fəaliyyət göstərən məktəb-studiyaya qəbul ediblər. O burada təhsilini başa vurduqdan sonra elə Moskva sirkində işləməyə başlayıb. İlk illərdə o, məşhur kloun Karandaşın köməkçisi vəzifəsini daşıyıb. Bununla da Nikulinin həyatı Moskva sirkinə bağlanıb. Bir müddət sonra baş rejissor və sirkin direktoru vəzifəsində çalışıb.

Sirkdəki fəaliyyəti ilə paralel Yuri Nikulin bir çox filmlərdə də rollar alıb. "Gitara çalan qız", "Araq çəkənlər", "Köpək Barbos və qeyri-adi kross", "I əməliyyatı və Şurikin başqa macəraları", "Qafqaz əsiri", "Brilyant əl", "Qoca quldurlar", "Müqəvva", "Ağaclar böyük olanda", "Müharibəsiz iyirmi gün" və 40-dan çox digər filmlərdə yaratdığı obrazlarla milyonların sevimlisinə çevrilib.

Sənət adamları arasında xeyirxahlığı, mərhəməti, təmənnasız yaxşılıq etmək bacarığı ilə fərqlənib. Özü birotaqlı evdə yaşasa da, o, çoxlarının mənzillə təmin edilməsinin səbəbkarı olub. Yuxarıların qapısını heç vaxt özü üçün döyməyən aktyor, bəzən heç tanımadığı insanların problemlərini həll edib. O, maşın sürməyi yaxşı bacarmasa da, avtomobil həvəskarı olub. Məlum olduğu kimi, SSRİ-də şəxsi avtomobilə sahib olmaq bugünkü kimi asan deyildi. Nikulin bir neçə dəfə sənət dostlarına maşın almaq üçün Mərkəzi Komitə üzvlərinə ağız açıb və sözü yerə düşməyib. Onun bu xeyirxahlığından və avtomobilə həvəsindən SSRİ Nazirlər Sovetinin sədri Kosıginin də xəbəri olub və baş nazir Nikulinə sürpriz edərək "Volqa" bağışlayıb.

Nikulin Tatyana Pokrovskaya ilə ailə həyatı qurub. Onlar sirkdə tanış olublar. Tatyana atçılıq idman növü ilə məşğul olub. Yeni yumoristik səhnədə at oynatmaq nəzərdə tutulunda Karandaş Tatyanadan sirkə at gətirməyi xahiş edib. Tatyana məşhur klounun xahişini yerə salmayıb. Atı manejə salıblar, Nikulin onun tərkinə qalxmaq istəyəndə at onu yerə çırpıb və ciddi xəsarət alıb. Təcili yardım briqadası aktyoru xəstəxanaya çatdırıb və həkimlərin tövsiyəsi ilə Nikulin bir həftədən artıq xəstəxanada müalicə almalı olub. Həmin ərəfələrdə Tatyana hər gün xəstəxanada Nikulini ziyarət edib, müalicənin sonunda isə onlar evlənmək qərarına gəliblər. Cütlüyün bir oğlu dünyaya göz açıb.

Həyat yoldaşını hədsiz dərəcədə çox sevən aktyor ölənə qədər ona xəyanət etməyib. Yeni rolların birində Nikulin gözəlliyi ilə seçilən Lyudmila Qurçenko ilə tərəf müqabili olub və ssenariyə görə ona sevgi etirafı etməli imiş. Bununla razılaşmayan Nikulin roldan imtina edib. Rejissor səbəbi aydınlaşdıranda onun cavabı qısa olub: "Mən Tatyanadan başqa heç kimin qarşısında sevgi etirafı edə bilmərəm...". Uzun söhbətdən sonra Nikulinə başa salıblar ki, bu ssenaridir, real həyat deyil. Nəhayət, razılıq əldə olunub. Sonralar Nikulin bu film haqqında danışanda deyib ki, həmin səhnədə mən Qurçenkonun əvəzinə Tatyananı görürdüm.

Yuri Nikulin çəkildiyi filmlərdəki obrazlardan fərqli olaraq sağlam həyat tərzi sürüb. Ömrünün son iyirmi ilində yoqa ilə məşğul olub, qida rasionundan ət və ət məhsullarını, sağlamlıq üçün məqbul olmayan ərzaqları çıxarıb və olduqca gümrah görünüb. Heç kim onun qəfil ürəktutmasından vəfat etdiyinə inanmayıb. Təcili əməliyyata götürülsə də, həkimlər 75 yaşlı aktyoru xilas edə bilməyiblər...

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()