28 iyun, 2022
Paylaş:

Ziqmund Freyd

Ziqmund Freyd yalnız psixoanaliz, psixiatriya və nevralgiyanın qurucusu deyil, həm də qeyri-adi xüsusiyyətləri ilə fərqlənən şəxsiyyətlərdəndir.  Psixoanalizin “atası” bir sıra fobiyaları və son dərəcə mənfi vərdişləri olan qəribə bir adam idi. Onun ən böyük fobiyası  6 və 2 rəqəminə qarşı olub. Nədənsə o, bu rəqəmlərdən qaçar, 62 otağı olan mehmanxanalarda qalmaz, 1862-ci ildə doğulmuş adamlardan isə qorxardı. Alimin digər bir qorxusu isə odlu silaha qarşı idi. O özünün silahdan qorxmasını emosional baxımdan yetərincə inkişaf etməməsi ilə əlaqələndirirdi. Amma insan psixologiyasının bilicisi daha çox qatara nifrət edirdi. Ona görə də heç zaman dəmir yolundan nəqliyyat vasitəsi kimi istifadə etməzdi.

Psixoloqun daha bir özünəməxsus cəhəti adamlarla göz təmasından çəkinməsi idi. Məhz buna görə  də yanına seansa gələn pasiyentlərindən taxtın üzərinə uzanmağı rica edər, özü isə onların arxasında dayanardı. Deyilənlərə görə, ilk vaxtlar Freyd xəstələrini müalicə etmək üçün hipnozdan da istifadə edirmiş. Yeri gəlmişkən, psixiatrın  seanslarında “Topsy” adlı köpəyi də iştirak edirdi. Alim onu praktik olaraq köməkçisi sayırdı. “İnsanlardan daha çox heyvanları seçirəm, çünki onlar daha sadədir”- deyərdi.

Dahi alimin qəribəliklərindən biri də yeni paltar almağa nifrət etməsi idi. Buna görə də psixoloqun cəmi üç  ədəd kostyumu,  alt paltarı və iki cüt ayaqqabısı olardı. Meşədə gəzməyi, göbələk toplamağı, kart oynamağı sevən dahinin qədim heykəlciklər kolleksiyası da var idi.

Freyd qadınları bioloji cəhətdən natamam və keyfiyyətsiz sayırdı, hətta belə deyirdi: “Heç vaxt cavablandırılmayan və otuzillik qadın psixikasını araşdırmağıma baxmayaraq, inandırıcı bir açıqlama verə bilmədiyim böyük sual budur: qadın nə istəyir?”

7 yaşından etibarən siqaret çəkməyə aludə olan Freyd, o cümlədən 6 il ərzində narkotik düşkünü də olub.  Bu səbəbdən də yaşlı vaxtlarında çənəsində bədxassəli şiş əmələ gəlmişdi. Dözülməz ağrılardan əziyyət çəkən məşhur psixiatr dostu Maks Şurdan özünü öldürməkdə ona kömək etməsini xahiş edir. Həkim ona üçqat dozada morfin iynəsi vurduqdan sonra alim həyatla  əbədi  olaraq vidalaşır.

 Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrkasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()