“Zirvənin sahibləri” kitabının təqdimat mərasimi

30 may, 2023
Paylaş:

“Zirvənin sahibləri” kitabının təqdimat mərasimi

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Vüsalə Salmanqızının müəllifi olduğu, 44 günlük Zəfər tarixinin qəhrəmanlarından bəhs edən “Zirvənin sahibləri” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Cəbrayıl rayon İcra hakimiyyətinin nümayəndələri, müxtəlif ali və orta təhsil müəssisələrinin müəllim-şagird heyəti, jurnalistlər, şəhid ailələri, müharibə iştirakçıları, qazilər,tələbə-gənclər iştirak edib.

Tədbir ulu öndər Heydər Əliyevin və dövlətin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman Azərbaycan oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. 

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov 44 günlük Zəfər tarixinə nəzər salaraq, bu Şanlı Qələbənin müstəqil Azərbaycan dövlətinin qurucusu, memarı, tarix yaradan dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin bizə miras qoyub getdiyi dövlətçilik ənənələrini, siyasətini uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin müdrik siyasəti, ali diplomatik bacarığı, bütöv bir xalqın birliyi, qələbəyə olan sonsuz inamı və rəşadətli ordumuzun şücaəti, igid Azərbaycan oğullarının qəhrəmanlığı sayəsində qazanıldığını söylədi.  200 ilə yaxın bir zaman kəsiyində torpaqlarını parça-parşa itirən Azərbaycanın bu gün öz ərazi bütövlüyünü bərpa etməsi, əzəli torpaqlarını geri qaytarması Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu, uzaqgörən diplomatik siyasətinin bariz nümunəsi olduğunu diqqətə çatdırdı. Vətənin ərazi bütövlüyü, xalqımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan bütün qəhrəman oğullarımızın daim Azərbaycan xalqının qəlbində yaşayacağını, onların göstərdikləri qəhrəmanlığın isə böyüməkdə olan gənc nəslə əsl vətənpərvərlik nümunəsi olduğunu söylədi. Şanlı Zəfər tarixindən bəhs edən ədəbiyyat, mədəniyyət nümunələrinin əhəmiyyətindən danışaraq, Vüsalə Salmanqızının müəllifi olduğu “Zirvənin sahibləri” kitabının bədii dəyərini, gələcəkdə bir çox ali və orta məktəblərin, kitabxanaların rəflərini bəzəyəcəyini qeyd etdi.

Müəllif Vüsalə Salmanqızı adını Azərbaycanın Şanlı Zəfər tarixinə qızıl hərflərlə yazmış qəhrəmalardan bəhs edən bu kitabın yazılmasında iştirak edən şahid ailələrinə dərin hörmət və ehtiramını bildirərək, kitabın məhz qəhrəmanların ailə üzvlərinin xatirələri əsasında qələmə alındığını söylədi. Bu uzun və məsuliyyətli yolun sonunda belə bir kitabın ərsəyə gəlməsinin özünə, xalqına, 23 ildən artıqdır ki, müəllimlik etdiyi yüzlərlə şagirdinə bir Vətən sevgisi töhfəsi olduğunu bildirdi. Müzəffər Azərbaycan ordusunda xidmət edərək qəhrəmancasına şəhid olmuş zabit və gizirlərimizin həyat və döyüş yolundan bəhs edən bu kitabda şəhidlərin valideynlərinin, döyüş yoldaşlarının xatirələri ilə yanaşı, özününün rəhbərlik etdiyi sinif şagirdləri ilə şəhid ailələrində olan görüşlərdən foto görüntülərin, müəllifi olduğu məqalələrdən bəhs edən yazıların da  yer aldığını bildirdi.

Vətən müharibəsi qəhrəmanları general-mayor Polad Həşimovun anası Səmayə xanım,Cəbrayıl Dövlətzadənin anası Məleykə xanım, Xudayar Yusifzadənin anası Radə xanım, Arəstə Baxışovanın anası Məktubə xanım, Muxtar Qasımlının anası Almaz xanım və başqaları   cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunduğunu, torpaqlarımızın işğaldan azad olunduğunu,   yüzlərlə poladların, mübarizlərin, xudayarların qisasının döyüş meydanında alındığını, qanlarının yerdə qalmadığını böyük qürur hissi ilə dilə gətirdilər. Vüsalə xanımın böyük sevgi, təmkin və peşəkarlıqla qələmə aldığı “Zirvənin sahibləri” kitabında hadisələrin canlı təsviri, onları riqqətə gətirən, keçmiş xatirələri hafizədə canlandıran səhnələr haqqında danışdılar. Kitabın böyük sevgi ilə yazıldığını və  çox maraqlı üsluba malik olduğunu bildirdilər.

Uzun illər Vüsalə xanımla birgə çalışan məktəb kollektivinin nümayəndələri, müəllifi yaxından tanıyan jurnalistlər, mədəniyyət işçiləri onun hələ gənclik yaşlarından öz şagirdlərini Vətənə, xalqa sevgi, hərbi vətənpərvərlik ruhunda tərbiyə etməsindən danışdılar.

Tədbir boyunca Ulu öndər Heydər Əliyev, 28 may Müstəqillik Günü, Zəfər tarixi mövzusunda videomateriallar nümayiş olundu. Əməkdar artistlər Ağalar Bayramovun, Yaqut Abdullayevanın, 170 nömrəli orta məktəbin şağidlərinin ifasında şeir parçaları səsləndirildi.

Tədbirin sonunda kitabxananın Oxu zalında təşkil edilən 170 nömrəli orta məktəbin ibtidai sinif şagirdlərinin rəsm və əl işi sərgisinə baxış keçirildi, müəllifin kitabları kitabxanaya və qonaqlara hədiyyə edildi, xatirə şəkli çəkdirildi. 

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()