Müşfiq və Fizuli

Gənc Müşfiq yaşadığı ictimai mühitin mahiyyətini dərindən dərk edirdi.Eyni zamanda, bu günün böyük Füzuli dövründən fərqini, Füzuli şeirinin kədər motivlərini öz zamanının yaratdığını aydın duymaqda idi.

Əlbəttə, artıq o dövr deyildi ki, şair qəlbinin:

Tökdükcə qanımı oxun, ol asitan içər,
Bir yerdəyəm əsir ki, torpağı qan içər.
Əhli-zəmanə qanına çox təşnədir zəmin,
Qanın kimin tökərsə fələk, ol zaman içər.



Fəryadları əzilən xalqın dövrandan etdiyi şikayətlər ilə birləşmiş olaydı...

Müşfiq yalnız Füzuli bədii irsindən deyil, ümumiyyətlə yaradıcılıqlarını məhəbbətlə öyrəndiyi Nəsimi, Vaqif, Zakir, Sabir, Səhhət, Hadı irsindən xalq həyatına, xalqın ictimai vəziyyətinə, əhvali-ruhiyyəsinə bağlılıq, həyat həqiqətinə sədaqət, mütərəqqi ideal görüşlərə sarsılmaz inam, etiqad kimi mənəvi keyfiyyətlər əxz edirdi.

Gənc şair Azərbaycan xalqının böyük klassiklərinin sənətkarlığını bir sərraf diqqəti ilə öyrənib*,forma zənginliyi, ifadə vasitələrinin rəngarəngliyi, mənalı obrazlar axtarışında da onlara yaradıcılıqla istinad edirdi.** Bu isə onun şeir sənətkarlığının inkişafına ciddi təsir göstərməkdə idi.

Müşfiq klassik poeziyanı, xüsusilə Füzuli sənətini qiymətləndirəndə birinci növbədə bu sənətin fikir dərinliyini, emosional zənginliyini, bəşəri mündəricəsinin kamilliyini qeyd edirdi; bu sənət keyfiyyətlərinin müasir şeirdə də olmasını arzulayır,özü də buna can atırdı.Təsadüfi deyildi ki, 20-ci illərin sonu, 30-cu illərin əvvəllərində klassik ədəbi irsə yanlış münasibət bəsləyənlərə qarşı, o, cəsarətlə, kəskin və amansız çıxış edirdi:

Yazalım,
Özümüzü öyməyəlim,
Füzuliyə dəyməyəlim.
Utanmazmı, Füzulinin adını çəkən
Özü bir heçkən...
Gəl çəkmə özünü yuxarı,
O düha qartalının qanadları
Bu gün belə çırpınır
Qaralan qaşlarda,
Dağlarda, daşlarda.
“Pəhləvanlar badpalar
Səyirdəndə hər yana
Tifl həm cövlan edər
Amma ağacdan atı var”.
Bu meydanda ağac da yox,
Qarğıdandır atın sənin,
Şeir üfqündə açılmaz qanadın sənin.



Müşfiqin coşğun təbi, qüvvətli yaradıcılıq cəsarəti, iti, sağlam məntiqi ilə yanaşı kamilləşməkdə olan poetik təfəkkürü, bədii ifadə sənətkarlığı bu şeirdə xüsusilə nəzərə çarpır.”Qaralan qaşlarda” ifadəsində poetik mənaların zənginliyini Füzuli obrazlarından “dərs almağın” müvəffəqiyyətli nəticəsi hesab etmək lazımdır.Bu obrazın ifadə etdiyi üç mənanın hər birini şeirdə ondan həm əvvəl, həm də sonra gələn misralarla eyni dərəcədə bağlamaq olur: a) dərdli adamın tutqun sifətində ilk nəzərə çarpan qara qaşlar; b) günəşin qürubundan doğan kədər-qaş qaralması; c) dağın qaşının qaralması.

Şairin bu gün şeir meydanında “ qarğıdan” atı olanların gülünc iddialarına dahı sənətkarın dörd yüz il bundan əvvəl yazdığı qitə ilə cavabı Füzulinin sənət aləmindəki mövqeyini daha qabarıq ifadə üçün mahiranə işlətdiyi bədii vasitədir.Bu hissədən sonra “Füzuli” sərlövhəsi ilə yazılmış kiçicik bir parçada Müşfiq şairin zamanla, xalqla vəhdətini aforistik bir yığcamlıqla, aydın və qüvvətli məntiqlə vermişdir:

Füzuli yüksəldi
Əsrinin fövqünə,
Sığmadı dühası
Bağdadın üfqünə,
Əsrinin önündə
Oxudu şeirini,
Fikrinin mililə
Toxudu şeirini.
Sinfinin əməli-
Şeirinin təməli.



Bundan sonra: Yazalım, özümüzü öyməylim, Füzuliyə dəyməyəlim! Misralarındakı bütün ifadə komponentlərində duyulan qüvvətli bir daxili gərginlik və qətilik, aydın fikir və sərt ahəng şairin bu mövzunu necə dərindən, ciddi və hərarətlə işlədiyini göstərir. “Yazalım” – kim əlinə qələm götürüb, özünü şair hesab edir, yazsın; nəyi, necə lazım bilir, yazsın; ancaq “özümüzü öyməyəlim”. “Dörd yüz sənə” gəlib keçib. İnsan cəmiyyəti neçə nəhəng inkişaf mərhələsi dəyişib; neçə-neçə şahlar, xaqanlar, ağalar, bəylər, insanlar, insanlar... həyatdan gedib, torpağın çürüntüsünə dönüblər.”Dörd yüz sənə” bundan əvvəl:

Gör nə sultanəm məni-dərviş kim, feyzi-süxən,
Eyləmiş iqbalimi asari-nüsrət məzhəri...



Deyən sənət peyğənbərinə dəyməyəlim. Onu sən , mən yaşatmamışıq ki, biz də əbədilikdən çıxara bilək.

Şeirini “gecə səhərə qədər oyaqlıq zəhrini dadıb bağrının qanı ilə” yaradan ustad özü “dörd yüz sənə” bundan əvvəl əmin idi ki:

Payimal etməz onu asibi-dövri-ruzigar,
Eyləməz təsir ona dövrani-çərxi çənbəri.



Sənətin ictimai-bəşəri mahiyyətini dərk edən gənc Müşfiq başa düşürdü ki, şeir gərək xalqın zövq və düşüncəsi, kədər və sevinci, qayə və arzusu ilə səsləşsin. Həqiqi sənətkarın ən mühüm vəzifəsi buna nail olmaqdır. Hələ “dörd yüz sənə” əvvəl böyük Füzuli “sənətin həyat qarşısında,insan qarşısındakı ülvi məqsədlərinə işarə etmiş,onun insanlara zövq, səfa verməyindən, tərbiyəvi-əxlaqi təsirindən danışmışdır...” Füzuli haqlı demişdir ki:

Hər sözüm bir pəhlivandır ki, bulub təyidi-həqq,
Əzm qıldıqda tutar təsxir ilə bəhrü bəri..
.



Böyük ustadının sənətindəki əbədilik sirlərini dərk edən gənc Müşfiqin də qəlbi get-gedə həmin məqsədlə daha çox hərarətlə çırpınırdı:

Ah , nə böyük şərəfdir sənətkar olmaq,
Könüllər dünyasından xəbərdar olmaq.
Nə xoşdur bir hiss kimi qəlblərə girmək
Səssiz-sorğusuz,
Bütün fənalıqları yıxıb-devirmək
Qara-qorxusuz...
(”Sənətkar”)...



Həqiqi sənət öz ideya-estetik istiqamətini xalqın mövcud həyatindan, ictimai və iqtisadi vəziyyətindən, mənəvi-əxlaqi görüşlərindən alır. Şair əsl mütəfəkkir idrakı, həqiqi aşiq ehtirası ilə içərisindən çıxdığı insanların mütərəqqi fikir və düşüncə tərzinə yiyələnməli, onların ideyalarını, güzəranını və könül aləmini tərənnüm etməlidir. Gənc Müşfiqin klassiklərdən, xüsusilə böyük Füzulidən öyrəndiyi və yaradıcılığı boyu əməl etməyə can atdığı sənətkarlıq dərslərindən başlıcası bundan ibarət idi.