Müşfiq və Türk ədəbiyyatı
Müşfiq 1932-ci ildə yazdığı “Yeni il” şeirində sənətkarları ictimai mənşəyinə görə “saf-çürük” edən vulqar sosioloqlara qarşı çıxıb:
Özü bir heçkən,
Fikrətin “Tarixi-qədim”ini qürurunda bulan,
Böyüklük xəstəliyinə tutulan
“Qızaran ulduzların şairi?”...
Deyərkən Füzuli ilə yanaşı Tofiq Fikrətin adını təsadüfü olaraq çəkmirdi. XIX əsrin ikinci yarısında ictimai hərəkatın təsiri ilə Türkiyədə yaranan yeni dövr ədəbiyyatının böyük sənətkarı Tovfiq Fikrət “vətən, hürriyyət, qanun idealları bulunmaq üzrə yeni sosial temaları” yüksək emosionallıqla əks etdirən, orijinal bədii üslubu ilə fərqlənən novator şair idi.
Çox erkən onun əsərləri ölkəsinin hüdudlarını aşıb, şübhəsiz ki, ilk növbədə onları orijinaldan oxuya bilən türkdilli xalqlar içərisində öz oxucularını tapmışdı. “Hələ sağlığında,.. Fikrət Azərbaycanda elə geniş yayılmışdı ki, türk şairinin əsərlərindən sətirlər Azərbaycan ədəbiyyatçılarının bədii əsərlərində və mənəvi-tərbiyəvi mövzularda yazdıqları məqalələrdə epiqraf kimi istifadə olunurdu” Tofiq Fikrətin Azərbaycan ədəbiyyatına təsiri ilə əlaqədar tədqiqat aparan prof.H.Araslı düzgün olaraq bunun təzahürlərini XX əsrin görkəmli romantik şairləri Məhəmməd Hadı , Abbas Səhhət, Hüseyn Cavid və Abdulla Şaiqin yaradıcılıqlarında görürdü.
Müşfiq mütərəqqi türk poeziyası nümayəndilərinin yaradıcılıqlarına, xüsusilə Tofiq Fikrətin şeirlərinə yaxından bələd olmuş*, bədii təfəkkürünün formalaşdığı dövürdə müəyyən dərəcədə onlardan da təsirlənmişdir.Eyni zamanda həm ictimai-siyasi məzmunlu şeirlərində, həm də aşiqanə, intim lirikasında türk şeirindən təsirlənən Azərbaycan XX əsr romantik şairləri A.Səhhət, M.Hadi, H.Cavid və A.Şaiqin əsərlərində də bədii rəngarəngliyin müxtəlif cəhətləri müşahidə olunmaqdadır. Belə pooetik səsləşmə əlaqədar məsələ barəsində tədqiqatı çətinləşdirirdi.Çünki ayrı-ayrı sənətkarlıq əlamətləri mütərəqqi türk ədəbiyyatının təsiri ilə izah olunduğu kimi, Azərbaycan romantik şairlərinin poetikasından da keçə bilərdi.
Yarışan buludlar.
(“Buludlar”),
Bəii təfəkkürünün formalaşdığı dövürdə gənc Müşfiqə XX əsrin əvvəllərində yaşayıb-yaratmış digər türk şairlərinin də müəyyən təsiri olmuşdur. Tədqiqat əsərlərində göstərildiyi kimi, bu dövr türk şeirində “artıq əvvəlki quruplardan və cərəyanlardan ayrılış çağıdır. Bu dəyişmədə qüvvətli fərdiliklə kimsəyə bənzəməmək və yeni bir sənət cığırı açmaq peşincə gedən yazıçı və şairlər çoxdur... Əsas qayğısı məmləkətdən bəhs edən bir ədəbiyyat qurmaqdır. Hamı sadə və tərkibsiz türkcə üzərində birləşirlər ”. Bu dövrün şairləri əsərlərini sadə türk dilində yazmaqla yanaşı , şəkilcə də artıq qərb poeziyasına müraciət etmir, özləri xalq şeirindən istifadə ilə yeni formalar yaratmağa , şeir dilini xalqdan gətirilən söz və ifadələr əsasında sadələşdirməyə çalışırdılar. 20 –ci illərdə əsərləri Azərbaycanda geniş yayılmış Rza Tovfiq, Məhməd Əmin, Xalid Fəxri, Əli Canib, Faruq Nafiz, Yəhya Kamal Müşfiqin də sevə-sevə oxuduğu, şeirlərini əzbərlədiyi şairlər olmuşlar.Tələbəlik illərinin dostu Q.Süleymanzadə xatırlayır ki, o, Rza Tovfiqin “Sərzəniş”,”Uçun, quşlar, uçun”, Cəlal Cahirin “Könüllə baş-başa”, Yəhya Kamalın “Şərqi”, “Həzər”, Ehsan Raifin “Gənc könülə”,Mahmud Əkrəm Rəcaizadənin “Hicran”, Faruq Nafizin “Sevgilim ”, “Dinlə neydən” və s. Şeirlərinin obrazlılığına , musiqililiyinə heyran olar, onları dəfələrlə oxuyardı. Bu şeirlərin bir sıra sənətkarlıq xüsusiyyətlərinə - bədii dilə xas söz və ifadələrə , məcaz və bənzətmələrə, vəzn və ahəngdarlığa Müşfiqdə də təsadüf olunur. Müşfiq onlardan yaradıcılıqla bəhrələnmiş, təsirləndiyi hər hansı bir şeir şəklini , yaxud obrazlı ifadəni öz fərdi uslubuna uyğun işlətməyə nail olmuşdur.
