Müşfiqə həsr olunmuş şerlər

Ay dost
Mikayıl Müşfiqin xatirəsinə

Ömrünün gur bulağı qaynayanda, daşanda
Bircə qurtum ciy su da içməmişdim mən hələ.
Təbinin qanadları zirvələri aşanda
Qapımızdan o yana keçməmişdim mən hələ.

Alovlu gözlərinlə göz-gözə gəlmədim mən,
Sənin coşğun səsini eşitmədim bir an da.
Açıq, nurlu üzünlə üz-üzə gəlmədim mən
Əzizim, budur məni yandıran da, yaxan da,

Mənə biganə qaldı sənin dərdin, möhnətin
O zaman nə biləydim nə var, nə yox dünyada...
Böyüdüm... ürəyimə əyan oldu həsrətin
Taleyini düşündüm, adını saldım yada.

Daha gözəl, daha çox tanıdıqca səni mən
Gözlərim həm kədərdən, həm fərəhdən yaşardı.
Oxudum, dönə-dönə şerini, nəğməni mən
Xəyalın, xəyalımı keçmişlərə apardı:

Sanıram görüşmüşük Bayıl mədənində biz,
Bir yerdə, bir nöqtədə bir an tutmurdun qərar.
Külək əsir, xəfifcə ləpələnirdi dəniz,
Torpağın damarını qırırdı tulumbalar.

Sən baxıb bu lövhəyə, şer qoşurdun, ay dost!
Bu lövhədə əsrimin vüsətini görürdün.
Öz-özünə nə isə deyir, coşurdun ay dost!
Abşeron torpağının şöhrətini görürdün!

Mənə elə gəlir ki, səninlə görüşmüşəm
Toxucu dəzgahların arasında bir səhər:
Göy xalatlı qızlarla söhbət eliyib hərdəm
Könlünün dəftərinə nələr yazırdın, nələr...

Lalələr qızaranda, yasəmənlər açanda,
Baharın nəfəsilə cana gələndə torpaq.
Ay dost, görüşmədikmi Kür boynunda-Muğanda
Xatirimdə canlanır o gün indiki sayaq.

Kəndimizin calalı ruhuna verdi qanad,
Kolxozçu qardaşımın sıxdın əlini bərk-bərk.
Onda harasıydı ki...sag olsaydın bu saat
Deyərdin qüdrət hanı bizim qüdrətimiz tək.

Dağların sinəsindən, dərələrin dibindən
Axıb getdikcə Təptər, süzüb getdikcə Təptər,
Bu sahildə vüqarla duran gördüm səni mən,
Sahillərə incilər düzüb getdikcə Təptər.

Hər ağaran köpükdə, hər sıçrayan zərrədə
Neçə büllur çılçıraq şəfəqlənib yanırdı.
El gücünə inamsız baxmadı bir kərə də
Gözlərinin önündə Təptər HES canlanırdı.

Göygölün sularında, səhər günəş çiməndə
Quşların nəğməsinə dalan görmüşəm səni,
Gah dağda, gah aranda, gah bağda, gah çəməndə
Təbiətin qoynunda qalan görmüşəm səni.

Şerinə gətirmisən suların ahəngini,
Mərdliyin, dönməzliyin qayalara tay olmuş.
Duymusan təbiətin yüz-yüz əlvan rəngini
Ruhun coşğun şəlalə, təbin axar çay olmuş.

Yay günü Buzovnada, Xəzərin sahilıində
Ayaqyalın, başaçıq dayanan gördüm səni.
“Arzuya bax sevgilim...” kəlmələri dilində,
Eşqini dalğalara qısqanan gördüm səni.

Sevgilinlə sulara azmı baş vurdunuz siz
Üstündən ləpə aşan sürüşkən qayalardan.
Qum basdı qayaları, çəkildi getdi dəniz,
Sənsə yenə, əzizim, bizimləsən hər zaman

Yüz hökmü, yüz qərarı olmurmu təbiətin
Əriyir qayalar da, quruyur dəryalar da,
Lakin sənin izini silmək çətindi,çətin
Bu sahildə hansı dost səni salmayır yada?!

İzdihamlı salonlar içində gördüm səni
Xitabət kürsüsünə qalxıb şer deyəndə.
Tərənnüm eylədikcə bu yurdu , bu ölkəni
Dostun da, düşmənin də gözü qalırdı səndə.

Gözlərimdə surətin, ürəyimdə xatirən,
Dilimdə nəğmələrin, qulaqlarımda səsin;
Görəsən daha harda rast gəlmişəm sənə mən
Əgər unutmuşamsa Azərbaycan söyləsin!

O ki, yaxşı bələddir öz doğma övladına
Bu torpaqda atdığın addımı bir-bir sayar.
Axı, necə salmasın vətən səni yadına
Onun ana qəlbində bala hərarətin var.
Qabil 1957


Ölməz Müşfiq üçün
Şair, doğulduğun, ayaq basdığın
Vətən torpağına qurban olum mən.
Könül dünyamıza incilər səpən
Şer növrağına qurban olum mən.

Vətən sevgisiydi günahın sənin ,
Uğursuz açıldı sabahın sənin.
Olmadı, olmadı pənahın sənin,
Sinənin dağına qurban olum mən.

Sən dedin: -Oxu tar,-dedilər demə.
Deməsəm od düşər dedin sinəmə.
Sən getdin, o tar da büründü qəmə,
O qəmli çağına qurban olum mən.

Sənsiz sənin kimi dərbədər olan,
Doğan səhərlərdən hey soraq alan,
Şer dəftərində intizar qalan
Bəyaz barağına qurban olum mən.

Soyuq məhbəslərdən gəldi sorağın,
Çəkilməz dərd oldu bizə fərağın,
Boğuldu zülmətdə o söz çırağın,
Sönməz çırağına qurban olum mən.

Sənsizlik dərdini quşlar da duydu,
Quşlar bir nəğməni hey bağ-bağ ötdü.
Demişdin:”Yenə də o bağ olaydı”.
O qərib bağına qurban olum mən.

Müşfiqli yuxumuz bizim oldu çin,
Gəldin yuxulardan həyata bir gün.
Heç zaman solmayan nəğmələrinin
Yaşıl bulağına qurban olum mən,
Qurban olum mən...



Mədinə Gülgün 1988 “Yenə o bağ olaydı...”

Şair, həsrət çəkdiyin
Yenə o bağ olaydı.
Yenə də sən olaydın...
Yenə bu dünyamızda.
Təzədən doğulaydın.
Yenə o qız olaydı,
Aylı axşam olaydı,
Ulduzlar başın üstə
Alışan şam olaydı.
Bir cüt o qara gözdən
Yenə ilham alaydın,
Sən şer oxuyaraq
Fələkdən kam alaydın...

Yenə o bağ olaydı,
O qızılı qumlarda
Günəşin hərarəti,
Sənin odlu sinəndə
Gecənin şeriyyəti,
Sözlərinin düzümü
Qağayılar sayınca.
Sən şer oxuyaydın
Dan yeri ağarınca.
Təbiət də heyrətdən
O an susub qalaydı,
Qonşu qızı, bir də sən
Bir də dəniz olaydı...

Yenə o bağ olaydı,
Yaşın əlli olaydı,
Yaşın altmış olaydı.
Ötən illər saçını
Kaş ağartmış olaydı.
O talanmış ömrünü
Sən yaşaya biləydin.
Ömrün yorgun çagında
Məclisinə gələydin...
Oxuyaydı yenə tar,
Əlli illik bir ömrü
Borclu qalıb sənə tar...

Əlli il gözləmişik
Soraq verən olmayıb.
Deyirlər yer üzündə
Məzarın da qalmayıb
Kaş ki, o bağ olaydı,
Doğma torpaq olaydı,
Otları saralaydı,
Çəpəri qırılaydı,
Hasarı dağılaydı,
Ancaq o bağda sənin
Bir məzarın qalaydı,
Bir baş daşın olaydı...
Görüşünə gələydi
Əlli yaşlı qocalar,
Əlli yaşlı cavanlar.
Bu müşfiqsiz illəri
Müşfiqlə yaşayanlar...

Balaş Azəroğlu 1988


Bu dərdi kim unudar...
Ürəyimdə göynəm-göynəm göynəyən,
Sızım-sızım sızıldayan yaram var.
Qaysaqlanmaz,ha çalışsam buna mən,
Ömrüm boyu bu yaramdan qan damar.

Bu yaranı almışam mən nagahan,
Tariximin yaddaşına boylanıb.
Müşfiqimin ürəyinə tuşlanan
Bir güllənin qəlpəsindən yaranıb.

Bu qəlpədən neçə-neçə ürəkdə
Çalın-çarpaz dağ çəkilmiş yara var.
Susdurular nəğmə deyən ürək də?!
İnsaf hanı?!
Axı, göydən daş yağar.

Ömrü qısa, özü böyük şairin
Demədiyi dürrtək çox sözü vardı.
Özü ilə min-min nəğmənin, şerin
İnci dolu xəzinəsin apardı.

Ey Müşfiqin qəlbi ciyərparası
Bu sözləri zil muğamla oxu, tap,
Söylə: -Böyük Azərbaycan balası
Müşfiqimiz, de, səni kim unudar?!

Hikmət Ziya 1989