Yaradıcılığı

Azərbaycan poeziyasının ən parlaq səhifələrini yazmış Mikayıl Müşfiqin ömrü və yaradıcılığı Azərbaycan gəncliyinə bütün zamanlarda örnək olaraq qalmaqdadır. Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Hər bir gənc istənilən mövzuda M.Müşfiqin şeirlərindən istifadə edə bilər. Xüsusən də milli mənlik şüuru, vətənpərvərlik, Vətənə sonsuz sevgi baxımından Mikayıl Müşfiq şeirləri ölçüyə gəlməzdir.Müşfiq çox gənc yaşlarından yaradıcılıq aləminə gəlmiş, həyatını, taleyini şeirlə bağlamış və ömrünün sonuna kimi ondan ayrılmamışdır.

Azərbaycan şeir tarixinə adını qızıl hərflərlə yazmağı bacaran Mikayıl Müşfiqin şeirləri yaşlı nəsillə bərabər, gənclərin də dillər əzbəridir. Maraqlısı isə odur ki, ziyalılarımızın, böyüklərimizin, gənclərin kitaba, şeirə marağının azlığından şikayətləndiyi bir dövrdə M.Müşfiqin şeirləri ən passiv gənclərin belə yaddaşına həkk olunmağı bacarır.

O, poetik yaradıcılığa1926-cı ildə“Gənc işçi” qəzetində çap etdirdiyi “Bu gün” şeiri ilə başlamışvə sonrakı illərdə dövri mətbuatda müntəzəm çıxış etmişdir. 1927-ci ildən “Maarif və mədəniyyət”və “Komsomol” jurnallarında və “Gənc işçi” qəzetində nəşr olunmuşdur. 1930-cu ildə şairin ilk “Küləklər”adlı şeir kitabı işıq üzü görmüşdür. Kitabda müəllifin əlli üç şeri və iki tərcüməsi toplanmışdır.

1932-ci il Müşfiqin həyatında məhsuldar olmuş,“Günün səsləri”, “Vuruşmalar”, “Pambıq”, “Buruqlar arasında”kitabları,.daha sonra bir-birinin ardıyca “Şeirlər”, “Çoban”, “Mənim dostum”, “Səhər”, “Sındırılan saz”, “Azadlıq dastanı” “Buruq adamı” əsərləri nəşr edilmişdir.

Həqiqi bir müəllim, əsl vətənpərvər olan Müşfiq öz yaradıcılığında uşaqlar üçün də yer ayırmış, bir-birindən gözəl əsərlər yaratmışdır. “Şəngül, Şüngül, Məngül”, “Kəndli və ilan” mənzum nağılları, “Vuruşmalar”, “Qaya” poemaları, “Coğrafiya”, “Məкtəbli şərqisi”, “Zəhra üçün” və digər şeirləri uşaqlar arasında şairə böyük məhəbbət qazandırmışdır.

Yəqin ki, çox az adam tapılar ki, M.Müşfiqin "Yenə o bağ olaydı" şeirini ömründə bircə dəfə də olsa eşitməmiş olsun. M.Müşfiqin şeirlərini oxuyarkən adama elə gəlir ki, o yazdığı şeirlərdə gənclərin tərbiyəsi üçün bir konsepsiya tərtib edib. Onun vətən, ana, sevgili haqqında yazdığı şeirlərlə bəhrələnən, o şeirləri bütün varlığı ilə dərk edən gənclik yalnız yaxşı insan kimi formalaşa bilər. Sanki M.Müşfiqin bütün şeirləri insanın, gəncliyin mənəvi tərbiyəsi üçün yazılıb. Onun şeirlərində qadına yönəlmiş xüsusi diqqət, qadının bəşəriyyət üçün nə qədər uca varlıq olduğunun göstərilməsi hər bir gənc üçün örnəkdir. Bu şeirləri dərk edən oğullar vətəninə, anaya məhəbbəti öyrənməklə yanaşı, qadına hörməti də öyrənmiş olur. M.Müşfiqin şeirlərini dərk edən, onun vətənə, anaya, qadına, sevgiliyə həsr etdiyi şeirləri anlayan insan heç zaman cəmiyyətdə pis ad çıxara bilməz. Çünki bu mənəvi tərbiyə insana ən ülvi, ən romantik, ən müqqədəs hissləri duymağı öyrədir. Elə M.Müşfiqin şeirlərinin bütün nəsillər, xüsusən də gənclər tərəfindən sevilməsinin ən böyük səbəblərindən biri də yəqin ki, onun gəncliyin nəbzini tuta bilməsi olub.

M.Müşfiq vətənimizdən bəhs etdiyi "Ölkəm" şeirində o, sanki Azərbaycanı görmək istədiyi, arzuladığı kimi tərənnüm etmişdir.


Dünyamızı seyr etdim min dürlü həvəslərlə,
Gördüm coşuyor dillər pək nəşəli səslərlə,
Baxdım doludur yarlar şən qəlbili kəslərlə
Pək şad olaraq güldüm abad olan ölkəmdə.
Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə.



Vətənini dərin bir məhəbbətlə sevən Mikayıl Müşfiq onu hər zaman abad, müstəqil, azad görmək istəyirdi. Mikayıl Müşfiq Azərbaycanın istiqlalını arzulayan, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını alqışlayan və bu münasibətlə gözəl şeirlərini yazıb, cümhuriyyəti təbliğ edirdi. Müşfiq "Ey Dan ulduzu" deyib ölkəsinin yeni baharını alqışlayırdı.


Dönmə bir şəbnəmə yaz səhərində,
Könül, günəş kimi parla yerində.
Göylərin lacivərd ətəklərində
Gedən bu qovğadan necə əl çəkim?

Baxınız, dan yeri sökülmüş kimi,
Dostlar bir cəbhəyə tökülmüş kimi,
Uzaqdan-uzağa xam gümüş kimi
Ağaran səhradan necə əl çəkim?



Müşfiq öz şeirlərində arzularını dilə gətirirdi. Elə bu da sonralar Müşfiqi ortadan götürmək üçün "qırmızı imperiyanın" əlinə bəhanə vermişdi. Müşfiqi "məhşər ayağına" çəkənlər ondan bu şeirlərin "əvəzini çıxırdılar, hesab sorurdular. Onun yazdığı şeirlər isə yaz səhərində parlayan və heç vaxt sönməyəcək parlaq ulduz idi.


Baxdım ki, duman görməz yüksəkləri billuri,
İnsanları matəmsiz, istəkləri billuri,
Dağlar, ovalar gülşən, hər bir yeri billuri,
Hər şey gülüyor gördüm, pək şad oldum ölkəmdə.
Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə.

Qış getdi ölümlərlə, ölkəmdə bahar vardır,
Bağlarda gözəlliklər, şən qəhqəhələr vardır,
Sevdalı könüllərdə sevdikləri yar vardır,
Daim sevişirlər, bax, məzdad olan ölkəmdə.
Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə.



M.Müşfiqin yəqin ki, ən təsirli şeirlərindən biri onun "Ana" şeiridir. Bu şeirin hər bir misrasını oxuyarkən insan təəccübünü gizlədə bilmir. İki aylığında anasını itirən M.Müşfiq "Ana" şeirində onu elə vəsf edir ki, bəlkə də uzun ömür yaşayan və bütün həyatı boyu ana nəvazişi ilə böyüyən bir şair belə "ana"nı belə tərənnüm edə bilməz.


Ana dedim, ürəyimə yanar odlar saçıldı,
Ana dedim, bir ürpəriş hasil oldu canımda,
Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,
Ana dedim, fəqət onu görməz oldum yanımda.

Ana, ana!... Bu kəlmənin vurğunuyam əzəldən,
Onu gözəl anlatamaz düşündüyüm satırlar.
Ana olmaz bizə hər bir "yavrum" deyən gözəldən,
Çünki onun xilqətində ayrıca bir füsun var.



Mikayıl Müşfiq yaradıcılığında bədii tərcümə fəaliyyəti də xüsusi yer tuturdu. 1930-1937-ci illərdə onun tərcümə etdiyi A.S.Puşkinin “Qaraçılar” (Ş.Abbasovla birgə), Taras Şevçenkonun “Kobzar” (Əhməd Cavadla birgə), Yegişe Çarensin “Şeirlər”, S.Y.Marşakın “Huşsuza bax, huşsuza”, M.F.Axundovun “A.S.Puşkinin ölümünə şərq poeması” əsərləri nəşr edilmişdir. Bundan əlavə Müşfiq M.Y.Lermantovun “Demon” poemasını (R.Rza ilə birgə), “Qafqaz” (M.Rəfili ilə birgə), “Şairin ölümünə”, “Tənha yelkən ağarır” şeirlərini, A.S.Puşkinin “Yevgeni Onegin” mənzum romanından “Tatyananın Onegenə məktubu”nu (R.Rza ilə birgə), “Poltava” əsərindən bir parçanı, “Dustaq” şeirini, Ömər Xəyyamın rübailərinin çox hissəsini, Firdovsinin “Şahnamə”sindən bəzi parçaları (M.M.Seyidzadə ilə birgə) tərcümə etmiş, gözəl mütərcim kimi oxucuların rəğbətini qazanmışdır.

1937-ci ildə çapa hazırladığı “Çağlayan” kitabına şair on bir illik yaradıcılığı ərzində yazmış olduğu ən qiymətli əsərlərini, o cümlədən “Səhər”, “Azadlıq dastanı”, “Sındırılan saz”, “Əbədiyyət nəğməsi”, “Şerim”, “Yenə o bağ olaydı”, “Duyğu yarpaqları”, “Tərtərhes nəğmələri”, “Mingəçevir həsrəti” və digər şeir və poemalarını daxil etmişdir.

Lakin kitabı nəşr etdirmək şairə qismət olmamışdır.Bədnam 1937-ci il repressiyaları Azərbaycan ədəbiyyatının, mədəniyyətinin görkəmli siması Mikayıl Müşfiqdən də yan keçmir.Mikayıl Müşfiq repressiya qurbanı olur.

Qısa ömür yaşamasına baxmayaraq, maraqlı və orijinal əsərləri ilə ədəbiyyatımızda dərin izlər qoyan Mikayıl Müşfiq sözün həqiqi mənasında yüksək insani keyfiyyətlərə, nümunəvi mənəviyyata malik bir insan, əsl şair idi.Onun Azərbaycan poeziyasının nadir incilərindən sayılan “Oxu, tar, oxu tar”, “Qal, sənə qurban”, “Sənin gülüşlərin”, “Maralım”, “Ana”, “Küləklər”, “Yenə o bağ olaydı” və digər şeirlərinə bəstələnən mahnılar dinləyici alqışını, rəğbətini qazanmış sənət əsərləridir.