Həyatı
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İsmayılzadə Mikayıl Əbdülqadir oğlu 5 iyun 1908-ci il tarixində Bakıda anadan olub. Ziyalı ailəsində doğulan və əslən Azərbaycanın gözəl guşələrindən biri Xızı rayonundan olan Mikayıl Müşfiq iki aylığında anasını, 6 yaşında isə atasını itirib. M.Müşfiqin tərbiyəsinə nənəsi Qızqayıt böyük təsir göstərmişdir. O, çoxlu nağıl, əfsanə, xalq şeirləri və mahnıları, bayatı və laylaları əzbər bilirdi. Valideynlərini belə erkən itirməsinə baxmayaraq şair həyatdan küsməyib və oxumağın, təhsilin dəyərini anlayaraq bu istiqamətə yönəlib. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alan şair o zamankı Azərbaycan Dövlət Universitetinin (indiki BDU) dil-ədəbiyyat fakültəsini bitirib. M.Müşfiq əmək fəaliyyətinə pedaqoq kimi başlayıb. Yeddi il Bakı orta məktəblərində müəllimlik etmiş şairin son iş yeri olan 18 saylı Bakı şəhər orta məktəbi hazırda onun adını daşıyır. Poetik yaradıcılığa isə 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şeirilə başlayan M. Müşfiqin bundan sonrakı həyatı unudulmaz şeirlər, hekayələr yazmaq və ciddi bədii tərcümələr etməklə keçir. A.S.Puşkinin “Qaraçılar” (Ş.Abbasovla birlikdə) və M.Y.Lermontovun “Demon” poemalarını (R.Rza ilə birlikdə), Xəyyamın bir çox rübailərini, T.Şevçenkonun şeirlərini və başqa şairlərin irsindən nümunələri tərcümə edən Mikayıl Müşfiq M.F.Axundovun A.S.Puşkinin ölümünə yazdığı məşhur “Şərq poeması”nı da azərbaycan dilinə çevirib.
M.Müşfiq 1931-ci ildə Dilbər Axundzadə ilə ailə həyatı qurub. 1938-ci il yanvarın 6-da isə Sovet İmperiyasının cəza tədbirləri dövründə güllələnib. Belə qısa həyatına baxmayaraq, M.Müşfiq Azərbaycan xalqı üçün 30 illik ömrünə sığdırdığı əsl sənət xəzinəsini yadigar qoyub.
Onun atasi Mirzə Qədir İsmayılzadə “Səadət” məktəbində müəllim işləməklə yanaşı “Vüsaqi” təxəllüsü ilə şeirlər yazırdı. Yeri gəlmişkən, böyük bəstəkar M.Maqomayev “Şah İsmayıl” operasını Mirzə Qədirin eyni adlı poeması əsasında yaratmışdır.
