Müşfiq xatirələrdə

Mənim yaxşı yadımdadı ,bir dəfə Azərbaycan Dövlət Universitetinin.....böyük salonunda şairlərlə görüş gecəsi keçirilirdi.Bu gecədə Səməd və Müşfiq öz şerlərini oxuduqları zaman,ağzına qədər dolu salon (o zamanlar şer geceləri izdihama çevrilirdi)onları uzun sürən sürəkli alqışlarla qarşıladı.Müşfiq atəşin bir şer oxudu.Bu şer daxili bir sədaqətin ,saf vicdanın səsi idi.Ona görə də Müşfiqi daha çox alqışladılar.Müşfiq xitabət kürsüsündən düşərkən həyəcan içərisində Səmədə yanaşdı və onu qucaqladı.Onlar qardaş kimi öpüşdülər.M.Müşfiq qazandığı müvəffəqiyyətin təsiri altında:

-Səməd!-Gərək ya mən yaranaydım,ya sən-deyə bir növ zarafat etdi.Səməd isə cavabında:

-Hər ikimizin yaranmamız daha gözəldir!-dedi və onu qucaqladı.
MEHDİXAN VƏKİLOV


.....Ömər Xəyyam gecəsində şairi lap yaxından görmək,onun odlu-alovlu çıxışını,poeziya incilərini öz dilindən eşitmək mənə də nəsib oldu.

Salonda iynə atsan yerə düşməzdi.Ayaq üsdə duranlar çox idi.Bütün salon rübailərin mütərcimini səbirsizliklə gözləyirdi.Bütün nəzərlər qapıya dikilmişdi.

Birdən Müşfiq ilə Səməd Vurgun qol-qola salona daxil oldular.Bütün salon Azərbaycanın bu iki sənətkarını gurultulu alqışlarla qarşıladı.Poeziya kəhkəşanımızın bu iki parlaq ulduzu səhnəyə qalxıb rəyasət heyyətində əyləşdi.

Ömər Xəyyam haqqında,tərcümə haqqında kimsə(təəsüf,yadımda deyil)məruzə etdi.

Sonra Müşfiqə söz verdilər.İti addımlarla,sürəkli alqışların müşayiətilə xitabət kürsüsünə qalxdı,başını tərpətməklə minnətdarlığını bildirdi və iki əlini qaldırmaqla salonu sükuta dəvət etdi.
Məndən Məhəmmədə yetirin salam,
Baş endirib deyin:ey fəxri-islam
Bu nədir sənin şəriətində
Turş ayran halaldır,saf şərab haram?!

…..Mən ilk dəfə olaraq öz şerini və tərcüməsini əzbərdən deyən əsil şairi,temperamentli,anadan şair doğulmuş coşğun ilhamlı,gözəl təbli bir sənətkarı lap yaxından görür və dinləyirdim.

Dedi.dedi…Rəyasət heyyətindəki yerinə gəlmək üçün bir-iki addım atmaga macal tapmamış alqışlar qopdu və sürəkli alqışlar kəsilmək bilmədi.Müşfiq yenidən xitabət kürsüsündə dirsəklənib rübailər deməkdə davam etdi.

Beləcə bir neçə dəfə təkrar olundu.Şair qurtarır,camaatın tələbi ilə birdə oxuyurdu…Rübailər qurtardı.Öz şerlərini oxumağa başladı.İndiki kimi yadımdadır,ilk oxuduğu “Könlümün dedikləri”şeri idi…

Salondakılar şairi buraxmaq istəmirdilər.Müşfiq çox şer dedi.Sinədən…

Müşfiqdən sonra Səməd Vurğuna söz verdilər.S.Vurğunda çox hərarətlə,sürəkli alqışlarla qarşılandı.

Böyük şair yerindəcə ayaga qalxdi və dedi:

-Mayakovski deyirdi ki,Yesenindən sonra (bəlkədə əksini deyib dəqiq yadımda qalmayıb-Ə.M)çıxış etmərəm.Məndə Müşfiqdən sonra çıxış etmərəm.

Salondakıların alqışları altında Müşfiq ayağa qalxdı və qələm dostunu,demək olar,itələyə-itələyə tribunayacan ötürdü.

Bəli,o gün-Azərbaycanın bu iki müqtədir şairi ilə görüşdüyüm gün-yaddaşımda əbədi həkk olunub.
ƏDALƏT MEHDİYEV


Müşfiq xoşbəxt şairdir.Xalq onun adını çağırmaq,səsini eşitmək üçün övladlarına Müşfiqin adını qoymuşdu.Bu səadət hər sənətkara nəsib olmur.Müşfiqin adının tirajı bəlkə də kitablarının tirajından az deyildir.Müşfiq şair idi;indi şagirddir,tələbədir,həkimdir,mühəndisdir,müəllimədir.Belə sənətkarlar ölmürlər,yalnız bircə dəfə dogulurlar,sonra həmişə yaşayırlar.Onların adları hörmətli olur,xatirələri əziz;nəsil-nəsil humanist hisslər aşılayır,tərbiyə məktəbi olur,müəllimimiz olur,mən deyərdim ən əziz valideynimiz olur.
NƏRİMAN HƏSƏNZADƏ


M.Müşfiq haqda düşünəndə yadıma Suriyanın Hələb şəhərində diri-diri dərisi soyulan Nəsimi düşür.Altı əsr əvvəl Nəsiminin başına gələnlər,altı əsr sonra ,ayrı qiyafədə,ayrı şəkildə onun layiqli övladı,sənət və tale balası M.Müşfiqin başına gəldi.
CABİR NOVRUZ


Məşum 37-ci il... Şəxsiyyətə pərəstişin qurbanları: Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Seyid Hüseyin... Tufana düşdülər, beləmi qırdılar, ürəyimdə həmişə sızıldayan yara açdılar.Onların içində Müşfiq ən cavanı idi. Yaxıb yandırardı adamı. Dözmək mümkün deyildi bu dərdi, bu fəlakəti. Ancaq gərək dözəydik. Başqa əlacımız yoxdu. Ürəyimiz ağrıya-ağrıya, sızıldaya-sızıldaya dözürdük. Səsini çıxardanın səsini batırırdılar onlar.

Müşfiq işıqlı bala idi, nur parçasıydı, odlu vulkana bənzəri vardı. Şer oxuyanda bu vulkan açıq-aşkar görünərdı.

M.Müşfiqi biz hamımız sevirdik. Amma Hüseyn Cavid onu daha çox sevirdi. Onun poeziyasını çox yüksək qiymətləndirirdi. Bir dəfə mənə “poeziyanın nəhəngi yetişməkdədir, özümüzü yığışdırmalıyıq, Şaiq!” dediyi sözlərini heç unuda bilmirəm. Onu da deyim ki, Caviddən tərifli söz eşitmək hər şairə müyəssər olan deyildi. Dediyi söz də möhür kimi etibarlı olurdu.

“Yetişməkdə olan poeziyamızın nəhəngi” nin yan-yörəsində paxıllar da, gözügötürməyənlər də çoxalmışdı. Həbsindən iki-üç gün əvvəl Yazıçılar İttifaqında oxuduğu rübailərinin birində o, bele adamların dərsini yaxşı vermişdi:
Şairə ilhamdan maya gərəkdir!
Anasız çocuğa daya gərəkdir!
Şairəm söyləyir yerindən duran,
Adamın üzündə haya gərəkdir!
Mən M.M üşfiqin 1935-ci ildə çap olunmuş “Kəndli və ilan” mənzum nağılının redaktoru olmuşam. Kitab çapdan çıxandan sonra Cahanbaxş 1936- cı ildə “Şablon və trafaret əleyhinə” adlı məqalə yazmış və bunu “İnqilab və mədəniyyət” Jurnalında çap etdirmişdi (1936, N 4-5, SƏH. 45-46). Həmin üzdəniraq məqaləsində o, Müşfiqi mənə qatmışdı, məni Müşfiqə.Əsərdə heç bir yaxşı şey görməmişdi. Azərnəşrdə Müşfiqlə görüşəndə o dedi:
-Mirzə, görürsən də Cahanbaxşı...
Mən ona dedim:
-Fikir vermə, “Kəndli və ilan” yaxşı əsərdir, əsər qalacaq, qərəzli tənqid unudulacaq, heç fikir vermə. O məni də tənqid edib, görürsən, mən heç fikir vermirəm. Təmkinini saxla, əsər yaz.
Deyəsən sözlərim ağlına batdı :
Düz buyurursunuz Mirzə, əsər yazmaq lazımdı, əsər!
Müşfiqi heç unuda bilmirəm.
Abdulla Şaiq