Oxu tar!
Məlum olduğu kimi, Böyük Oktyabr sosialist inqilabından sonra birinci onillikdə “proletar mədəniyyəti” təbliğçilərinin zərərli yürüşlərindən biri də qədim incəsənət əsərləri və milli musiqi alətlərinin əleyhinə çevrilmişdi. Həmin dövrdə marksist-leninçi ideologiyanın Azərbaycan ədəbiyyatı və incəsənətində düzgün bədii ifadəsi uğrunda prinsipial mübarizlərdən, görkəmli ictimaiyyətçi və tənqidçi Mustafa Quliyev də özünü “fəhlə sənəti” axtarışları axınının bu kortəbiiliyindən qurtara bilməmişdi. Zəngin milli musiqisi olan xalqın bu musiqini yaratdığı, yaşatdığı alətlərinə onun kəskin hücumu tarixi-ictimai bir səhv, yeni fəhlə-kəndli dövlətinin qarşısına çıxan mühüm çətinliklərdən birinin – “proletkultçuluğun” nəticəsi idi. O, “Azərbaycanda musiqi mədəniyyətinin inkişaf yolları “ adlı məqaləsində yazırdı: “...Bugünki musiqimiz sənayeləşmiş Bakının, sənayeləşmədə olan qəza mərkəzlərinin, traktorlaşan kənd təsərrüfatının yeni nəğmələrini, yeni ritmlərini, havalarını tərənnüm etməlidir... Təsərrüfatımızda inqilab törəndiyi bir zamanda, heç şübhəsiz ki, dərəbəylik mirası olan bir alət yaşaya bilməz. Buna görə də bu aləti müdafiə etmək gülüncdür... Avropa musiqisi əvəzinə tar dərnəkləri təşkil etmək və türk musiqisi inkişafında tara əhəmiyyət verərək, onunla hesablaşmaq lazım deyildir. Tar öz-özünə həyat səhnəsindən çıxacaqdır.” Bu məqalənin dərc edildiyi jurnalın “Xronika” bölməsində “Tar konservatoriyadan çıxarıldı” sərlövhəli xüsusi bir yazı da verilmişdir. Az müddətdən sonra mətbuat səhifələrində “oxuma, tar”, “rədd olsun tar” məzmunlu iki-üç şeir də çap olundu. Bu illərdə 21-22 yaşlı bir gənc olan Müşfiqdə “Tar” şeirinin lirik həyəcanının oyanması və inkişafında bu qəbildən yazıların və sözsüz ki, onların təsiri ilə ictimai mühitdə xalqın milli sənət alətlərinə qarşı yönəldilmiş hərəkətlərin qüvvətli təsiri olmuşdur. Həmin dövrdə ictimaiyyətdə müvəqqəti də olsa, özünə dayaq tapmış tar, kamança, qaval əleyhdarları Müşfiqi dərindən sarsıtmış, qəzəbləndirmişdi. Bu ictimai hadisənin təsirilə yaranmış şeirdə şairin dünyaya baxışı, dünyanı dərki və nəhayət, “zəif “ və “passiv “ qiymətləndirilən dünyagörüşünün lirik təcəssümünə baxaq.
Səsindən ən lətif şeirlər dinləyim.
Oxu, tar, bir qadar!..
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu, tar!
Səni kim unudar?
İlk misrslardan şeirin lirik həyəcanı ilə birgə yaranmış orijinal vəzn ahəngi, kövrək, yığcam, zərif ritmik vahidlər, daxili fasilələr, emosional vurğular, nidalar, suallar, sadə, aydın ifadələr, duyğulu, həyəcanlı obrazlar, mülayim xahiş, atəşin istək və obyektinə hədsiz nəvaziş ifadə edən mənalı fellər oxucunun hissini,şüurunu özünə tabe edərək şairanə bir aləmə çəkib aparır. Son dərəcə səmimiyyətlə deyilmiş “ Səni kim unudar?” sualındakı hissi çalarlara fikir verin. İlk əvvəl, elə bil, beynini qəfil qaplamış fikrin, həyəcanın əsassızlığı dərki ilə yaranmış heyrət, təəccüb; digər tərəfdən “oxu, tar!” nidasından sonra söylənmiş sualda onun əleyhinə şıxanları qəti susdurmağa qadir kəskin həqiqət, bu həqiqətin müqəddəsliyinə, toxunulmazlığına sarsılmaz inam, etiqad ifadə olunmuşdur. “Oxu, tar!... poetik nidasınln yaranmasına bugünün mövqeyindən deyil, bizim üçün artıq tarixi keçmiş olan 20-30-cu illərin ədəbi-ictimai hadisələri mövqeyinlən yanaşdıqda məhz “faktın həqiqətindən” yüksəkdə dayanan gənc şairin mənəvi bütövlüyü, aydın, mütərəqqi dünyagörüşü, kamil sənətkar əqidəsi üzə çıxır. Şair “ötmə, daha ötmə, tar”, “oxuma, tar”, “rədd olsun tar” nidalı şeir çap etdirənlərə qarşı qətiyyətlə çıxıb, tapın:
Alovlu sənəti!
Kimi son dərəcə ümumiləşlmiş bir canlı obrazla tarixi qiymətini verir. Burada ”geniş kütlənin acısı, şərbəti” obrazının ifadə etdiyi mənaya diqqət yetirin. Ayrılıqda dilin adicə sözlərindən ibarət olan, şairin yüksək ümumiləşdirmə və bədiiləşdirmə qabiliyyəti sayəsində isə heyrətamiz mənalılıq kəsb edən “acısı” və “şərbəti” makroobrazları xalqın az qala bütöv tarixi və mənəvi keçmişinin cövhərini özündə cəmləşdirib. Poeziyanın sonsuz fəzaları bircə ifadəyə yerləşdirmək, cild-cild tarixləri bir canlı obraza sığışdırmaq kimi yüksək ümumuləşdirmə qabiliyyəti, bax, budur!
Belə həyəcanlı poetik girişdən sonra şeirin obrazlı inkişafı illərlə yerin altında toplanıb, nəhayət, özünə çıxış taparaq böyük bir coşğunluqla axmağa başlayan yeraltı çaya bənzəyir. Müşfiq bədii təxəyyülünün canlandırdığı məcazlar, təşbehlər özünün gözlənilməzliyi, təravəti, mənalılığı, rəngarəngliyi, həm də son dərəcə sadəliyi, təbiiliyi ilə qarşımızda zəngin lövhələr çəkməyə başlayır.
Dinləmiş əzəldən səsini.
Papaqlı atalar, çadralı analar
Ötürmüş sayəndə köksünü.
Düşmüşlər gah şirin, gah acı toruna,
Sevinə-sevinə, qoruna-qoruna.
Üç sadə epitet-binaların “hasarlı”, ataların “papaqlı”, anaların “çadralı” deyə təyinlənməsi xalq məişətinin tanış, doğma cizgilərini canlandırmaq üşün kifayət etmişdir. Bu epitetlərin məzmunu həm də lirik söhbətin xalqın bu gününə deyil, tarixi keçmişinə aidliyini aydın şəkildə özündə özündə yaşadır. “Köks ötürmək”, “sevinə-sevinə”, “qoruna-qoruna” tarın “gah şirin gah acı toruna” düşmək kimi psixi-estetik keyfiyyətlərin ifadəsindəki səmimiyyət, məhəbbət gənc şairin xalqla mənəvi ahəngdarlığı, birliyi nəticəsində yarana bilmişdi.
Şeirdə poetik obyekt adi bir alət deyil, əsrlərdən bəri istismar köləliyində əzilən bədbəxt insanların yaxın könül həmdəmi kimi tərənnüm olunur. O elə bir könül həmdəmidir ki, “sinəsi dağlılar”, “vəfasız bir eşqin zülfünə bağlılar” onun “dəxili olmuşlar”, qapısında “təsəlli bulmuşlar”. Yığcam, mənalı obrazlarla şair bizi neçə-neçə insan həyatı ilə tanış edir, bir-birinə qəm zənciri ilə bağlanan bu insanların rəng-rəng dərdi, kədəri ilə yaşadır. Tar onların sınıq könüllərini dilə gətirən, danışdıran, “ovudan”, “ təsəlli verən” həzin nəğməsi ilə sətirləri canlandırır.
Sənin də quşların dəmindən ayrılan
Bir özgə dəmin var.
Səni də avara eyləmiş
Dağınıq telli bir “zərəfşan”,
Onunçun segahın danışır
Pərişan, pərişan.
Məgər daxil olduğun şeiriyyət dünyasının hər sözlə dəyiçən əsrarəngiz, hissiyyatlı lövhələri sənə macal verirmi ki, bu tək-tək sözlərin necə bir təbiiliklə bir-birinə ahəngdar bağlanma sənətkarlığı üzərində düşünə biləsən? Diqqət edəndə görürsən ki, nə klassik poeziyanın, nə də xalq yaradıcılığınln şeir sənəti qanunlarına əməl olunmamlşdır. Vəzn sərbəst, daxili bölgü təzə, ritmik ahəng orijinal, qafiyə sistemi pərakəndə; ifadələr, sözlər adi danışıqda olduğu kimi sadə, aydin. Bu poetik bütövlüyü, bu bədii tamlığı nə yaratmışdır ki?!
Şahların, xanların sarayı;
Səninlə birlikdə inləmiş
Əsirlər alayı,
Bəzən də simlərin qəmləri ovutar,
Olardın onların sirdaşı
Sən ey tar!...
Tar – “dərəbəylik dövrünün mirasıdır!”... Bu hansı dövrdür belə ki, o zaman yalnız “dərəbəylər”dövran sürürmüş, xalq yer üzündə heç yox imiş?! Doğrudur, tarı “şahların, xanların sarayı”da dinləmiş; ancaq onunla birlikdə “inləyən”, daha düzü onun özünü “inlədən” məhz “əsirlər alayı”- xalq olmuşdur!.. Tar-xalqın”sirdaşı” olmuşdur, tar-xalqın dərdlərini “ovutmuşdur”. Bu misralar keçmişin mədəni irsinə əsl marksist-leninçi münasibətin bədii təcəssümü idi.
Yenidən həm heyrət, təəccüb, həm məhəbbət, şəfqət, həm də qətiyyət nidalı
Səni kim unudar?!
Sualı, elə bil, bayaqdan bəri tarın nəhəng silueti önündən keşən rəngarəng kadrları birdən kəsir və tar bütün əzəməti ilə ön plana çəkilir. Qeyri-ixtiyarı hiss edirik ki, indi söhbət ikilikdə yalnız obyektlə subyekt arasında, daha səmimi, daha intim olacaqdır. Onların mehriban münasibəti elə qarşılıqlıdır ki, şairinmi tarın ağrı-acılarına ürəkdən şərik olduğunu, ona qahmar durduğunu, yaxud tarınmı xalqın yasına, sevincinə ruhən həyan çıxdığını, şairin də qayğılarının mərhəmi olduğunu ayırd emirsən. Şeirin təzə parşaları lirik obyekin xəlqiliyini açmaqla yanaşı, gənc şairin daxili aləminin bir sıra xüsusiyyətlərini də aşkar edir; eyni zamanda, onun xalq həyatı, xalq məişəti və bədii təfəkkürü ilə yaxından tanışlığını təcəssüm edir:
Çalışdın həyatı sevməyin uğrunda...
Nə deyim o yekə başlara?!
Çaldılar ruhunu daşlara.
Üstündən bir qara yel kimi əsdilər,
Səsini kəsdilər.
Daşlandı çəkənlər nazını,
Böyləcə qırdılar aşığın sazını.
Sən xalqa “gül” dedin,
“Ey qüssə, öl!” dedin.
Məlumdur ki, tarix boyu din cəhaləti ilə dumanlanmış beyinlər içərisində tarı – el sənətini qorumaq, yaçatmaq xalqın ayıq, açıq insanlarına o qədər də asan olmamışdır. Xalq sənətkarı Göyçəli Aşıq Musanın:
İblis kimi ara pozmur,
Molla kimi dua yazmır,
Nə günahı var, telli sazın?!
Lirik parçası yada düşür. Müşfiqin həyat hadisələrini dərin və əhatəli qavrayışı, düzgün dərki ona kömək etmişdir ki, bu sənət aləti ilə onun qədrini bilən insanlar arasındakı daxili vəhdəti qabarıq versin; onların dərdini, qüssəsini, sevincini bir-birinin içərisində əritsin. Tarın xalqla “iki qəlbdə bir ruh” misalı olduğuna oxucusunu inandıran şairin obyektinə qarşı dərin səmimiyyəti onu da bu “bir ruh”un vəhdətinə qatır:
Xalqımız gülmədi.
Ağladıq, daima ağladıq,
Ey qədim aşina , ağladıq –
Lirik parçası buna misaldır. Burada daha bir müvəffəqiyyət “ey qədim aşina” ifadəsinin son dərəcə yerində işlənilməsidir. Tarın əvvəlki obrazlarını şair bu ifadədə ümumiləşdirməklə həm tarixdən çəkilmiş bir- birindən canlı lövhələrə yekun vurur, həm də müxtəlif duyğu çalarları ilə tutqunlaşmış obyektin yenidən əzəmətli surətini aydınlaşdırır, içıqlandırır. Təbii olaraq, şairlə birlikdə biz də diqqətimizi yenidən tara doğru yönəldirik:
Bax, indi radio səsini
dağıdır cahana,
Ey tarçı, çal, oxu!
Könlümü al, oxu!
Vur sazı döşünə,ey aşıq!
Qalmamış nə əba, nə qəba, nə sarıq.
Hər dəfə “oxu, tar!” nidası ilə dəyişilən lövhələr, şairanə təsvirlər şüurda yeni assosiasiyalar yaradır, düşündürür, həyəcanlandırır. Yuxarıda gətirdiyimiz lirik parşa bayaqdan bəri kədərlə boyanmış düşüncələrimizə təbəssüm qondurur, şeirdəki ruhi gərginliyi sərin meh kimi ayazıdır və bu zaman şeirin ahəngindəncə doğrudan da yeni zəmanənin gəldiyi duyulur. Əlbəttə, bu, müəllifin tərənnüm etdiyi obyektə ehtirasla bağlanmasından, onun qələmə aldığı taleyini qəlbən yaşamasından irəli gəlir. Kiçik bir parça ilə şeirdə zaman da dəyişir, mühit də dəyişir, oxucu da ruhən dəyişir, gümrahlaşır, şadlanır. Lirik həyəcanın yeni həyatla bağlılığını sonra gələn parçadakı şux, parlaq obrazlar və gurşad ahəng bir qədər də sürəkləndirir:
Əcəba, neçə şux dilbərin
Yasəmən üzünü pul kimi qızartmış?
O sarı simlərin lisanı
Salmazmı heyrətə insanı?
Bu, həm də əvvəlki ciddi, gərgin əhvali-ruhiyyəni aradan qaldırmaq üşün gözəl lirik vasitədir. Eyni zamanda, tarın yeni bir xüsusiyyətini-insan həyatına gətirdiyi fərəhi, sevinci ifadə edir. İstər-istəməz təəccüb hissi yaranır: yaxşı, bəs belə olan halda nə üçün tar bugünki həyata qovuşa bilməsin və onun da üzündən keçmiçin buludları birdəfəlik silinib atılmasın?! Bu yeni hisslər axını, əhvali-ruhiyyə şeirdə ilk dəfə olaraq lirik obyektin-tarın müasir sosialist cəmiyyətində mövqeyini və mahiyyətini diqqət mərkəzinə şəkir, fikri məhz bu məsələ ətrafında cəmləndirir.
Özünü şeirin yarandığı dövrdə və mühitdə təsəvvür et. Yeni dünya qurulur. Həyatda və cəmiyyətdə köhnəlik adına nə varsa, ona qarşı üsyandır. Bəzən bu şüurlu inqilabi hərəkatda ümumini dağılmaq və yenisini qurmaq selinin coşğunluğuna uymuş qeyri-şüurluq baş qaldırır; iti, kəskin əqlin müqavimətinə rast gəlməzsə, ayrıca bir qol kimi sürətlə artıb böyüyür. Qarşısı alınmazsa, bu yeni qol mütərəqqi inkiışaf axınının istiqamətini cüzi də olsa yolundan sapındıra biləcək qədər təhlükəlidir, qorxuncdur. Ancaq inqilab kortəbii idimi ki, onun üsyanı da qeyri-şüuri olsun?! V. İ. Leninin dahiyanə “klassik irsə münasibət” təlimi insanlığın tarixi inkişaf qanunauyğunluğuna əsaslandığına görə cəmiyyətin mütərəqqi əqidəli, düzgün dünyagörüşlü üzvlərinin ümumi rəyini ifadə etdiyinə bir daha əmin olursan. Bir il əvvəl “Yeni il” şeirində “Yazalım, özümüzü öyməyəlim, Füzuliyə dəyməyəlim!” nidası Müşfiqin düzgün dünyaya baxışının ilk böyük imtahanı idisə, çaşmış, büdrəmiş, səhv etmiş proletkultçulara qarşı kəskin bir qətiyyətlə çıxan “Oxu, tar!” hökmü onun dərin müşahidə və düzgün mühakimə qabiliyyətinə, qabaqcıl sənətkar dünyagörüşünə dəlalət edirdi.
“Fəhlə sənəti” axtarıcılarının yanlış bir axın yaratdıqları bir dövrdə Müşfiqin qədim milli çalğı alətlərinə qarşı düzgün münasibəti şox sadə, aydın və iti bir məntiqlə ifadə olunurdu: tar adi bir alətdir, onu səsləndirən, cana gətirən, sənətə çevirən insandır-əvvəl istismar dövrünün məhkum sənətkarı idisə, indi-Bizik!..
İstənən havanı çala da bilərəm,
Mən səndən bu günün zövqünü ala da bilərəm.
Sən bu gün silahsan əlimdə,
Səni mən hansı bir hədəfə
İstəsəm, çevirə bilərəm.
Oxu, tar! Sən bugünki mübarizəmdə mənə daha çox lazımsan. Sən adicə bir alət deyilsən, xalqın özü ilə yaşatdığı, başından keçən hər tufandan salamat saxladığı müqəddəs sənətisən. Sən mənim- bu günün qabaqcıl dünyagörüşlü bir insanın əlindəsən. Mən bu gün səndə yeni bir nəğmə dilləndirməklə neçə-neçə qəlblərdə gizlənmiş keçmişi devirə bilərəm.
Fabrikdə, zavodda,
Trakor başında.
Bu saat qarşında
Nə qədər adam var!
Mədənli Bakımın,
Pambıqlı Gəncəmin,
İpəkli Şəkimin
Acısı, şərbəti,
Alovlu sənəti!
Ziddiyyətlərin qarşılaşdırıldığı lirik parçalarda gah yüksələn, gah zəifləyən ahəng şairin aydın, qəti hökmü ifadə olunduğu son hissələrdə tamamilə lirik həyəcana tabedır. Adama elə gəlir ki, bu qədər hissi və şüuru gərginlikdən, coşğunluqdan hələ bir müddət xilas olmaq mümkün deyildir. Elə bil, şair fikir əleyhdarları ilə mübahisədən ən kəskin dəlillərlə qalib çıxmış kimi son sözü daha yüksəkdən, daha təntənəli bir tərzdə təkrar edir:
Lakin:
Səsindən ən lətif şeirlər dinləyim.-
Misrasındakı “lətif şeirlər” obrazı ahəngi bir andaca dəyişir, mülayimləşdirir. Bütün əvvəlki hisslər, düşüncələr tufanı çəkilib yox olur; şeirdə lirik qəhrəmanla az qala eyniləşən oxucu, bir də həzin nəğməli doğma tar qalır. İndi artıq onu oxuyanın səsi də həlimləşir, ifadə tərzində şairanəlik, vurğunluq nidaları eşidilir:
Nəğməni su kimi alışan ruhuma çiləyim...
Oxu, tar!
Səni kim unudar?!
Ey geniş külənin şirini, şərbəti,
Alovlu sənəti!..
Şeirin əvvəlində verimiş həmin bu lirik parçanın “geniş kütlənin acısı, şərbəti” obrazını bir daha xatırlatmaq istərdik. Şair buradakı “acısı” ifadəsini şeirin sonunda təsadüfi olaraq “şirini” obrazı ilə əvəz etməmişdir. Bugünki həyatı, onun ələmdən, qüssədən azad notları ilə çalınan, eləcə də gələcəkdə çalınacaq tar nəğmələrini şair bircə ifadədə ümumiləşdirib yekunlaşdırmışdır. Şeirin ilk misralarından zərrə-zərrə qəlbimizə toplanan lirik obyektə rəğbət, məhəbbət duyğuları şeirin sonunda köksümüzü qabardır. Xalqımızın tarixi münasibətləri kimi, “mədənli, pambıqlı, ipəkli” sosialist Vətənimizin bugünki ümidli toy-düyünləri kimi tar da bizim varlığımıza qatılır. Tara elə dərindən bağlanırıq ki, daha heç bir qüvvə onu bizdən ayıra bilməz. Bu gün onun bizdən, xalqımızdan qoparılmasının qeyri-mümkün olmasına bir daha qəti inanırıq. Budur şair mənəviyyatının kamilliyi, bütöv əqidənin sarsılmazlığı və onun qüvvətli təsirliliyinin sirri!...
“Tar” şeirində Müşfiqin lirik həyəcanının sükançısı çoxəsrli ənənələrə və tarixi inkişaf qanunauyğunluğuna əsaslanan müdrik dünyagörüşü (müəllifinin 22-23 yaşlı bir gənc olmasına baxmayaraq) olduğu üçün həqiqi poeziya yaranmışdı və zamanın sınağına davam gətirdi. Təsadüfi deyil ki, yaradan, quran xalqının yeni inqilabi dövründə müvəqqəti ayrılan əyintiyə uyub,tar əleyhinə şeir çap etdirənlərin əsərləri mətbuatda çap olunduğu günün səhifəsində basdırıldığı halda gənc Müşfiqin “Tar”ı on illərlə gizlədildiyi qaranlıq zirzəmiləri yarıb keçdi, yenidən sətirlərinə həkk olunmuş hərarətlə qəlbləri isindirməyə, canlandırmağa, təsirləndirməyə başladı..
