Müşfiq haqqında deyilənlər

Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad və o dövrdə yaşamış başqa sənətkarlar öz əsərlərində xalqımızın milli azadlıq fikirlərini əks etdirmişlər. Onlar öz əsərləri, elmi fəaliyyətləri ilə Azərbaycan xalqının elm və mədəniyyətinin yüksəlməsinə çalışmış və beləliklə də xalqı gələcəyə, milli azadlığa, müstəqilliyə doğru aparmışlar.
Heydər Əliyev,
Azərbaycan xalqının ümummilli lideri


Böyük şair Mikayıl Müşfiq milli folklordan və klassik ədəbi ənənələrdən layiqincə bəhrələnməklə yaratdığı dərin lirizmə malik və doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən bənzərsiz poetik nümunələrlə Azərbaycanın çoxəsrlik bədii fikir xəzinəsini daha da zənginləşdirmişdir. Forma yeniliyi, məzmun genişliyi, romantik əhval və yüksək həyat eşqi bu söz sənəti incilərinin başlıca keyfiyyətləridir. Müşfiqin adı 1930-cu illər totalitarizminin qurbanına çevrilmiş məsum insanların xatirəsinin rəmzi və nakam şair obrazı kimi xalqın yaddaşında yaşamaqdadır.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti


Ömrümüzün hər çağında Müşfiqin büllur kimi saf, axıcı misralarını xatırlayacaq, nəğmələrini dinləyəcək, amma içəri dünyamızda daimi onun tükürpədici harayını da eşidəcəyik, “necə əl çəkim” rədifi qəlbimizdə həmişə qubar edəcək, döyünəcəkdir. Bu rədifin, bu misraların çıxılmaz kədərini, yanğısını, həsrətini ömür boyu duyacayıq.
Anar, Xalq yazıçısı

Müşfiq xoşbəxt şairdir. Xalq onun adını çağırmaq, səsini eşitmək üçün övladlarına Müşfiqin adını qoymuşdur. Bu səadət hər sənətkara nəsib olmur. Müşfiq şair idi: indi şagirddir, tələbədir, həkimdir, mühəndisdir, müəllimdir. Belə sənətkarlar ölmürlər, bir dəfə doğulurlar həmişə yaşayırlar.
Nəriman Həsənzadə, Xalq şairi

Geniş salon ağzına qədər adamla dolmuşdur. Alqış səsləri dərələrdən şaqqıldayıb gələn gurultulu selləri xatırladırdı. Qara-buğdayı oğlan sağ əlini qaldırıb adamları sakit etmək istəyir, lakin alqış səsləri susmaq bilmir. Kürsüdə bir an səssiz dayanan bu cavan Müşfiqdir. Mikayıl Müşfiq!... Gənc şair Mikayıl Müşfiq şeir oxuyur. Bəli, o, gənc idi. O, olduğundan daha artıq qüdrətli, daha gözəl bir şair ola bilərdi.
Rəsul Rza, Xalq şairi

Müşfiq böyük istedad idi. On bir ildə o, nə qədər gözəl şeir nümunələri yaratmışdır. Onda rahatlıq, həyat eşqi ilə sənət elmi ilə daima çırpınan bir ürək vardı. Hələ otuzuncu illərdə Səməd Vurğun onun istedadına yüksək qiymət vermişdi.
Mirzə İbrahimov, Xalq yazıçısı

Oxumaq, öyrənmək, düşünmək, axtarmaq, tapmaq, işləmək, yazmaq, tüğyan edən duyğular selini, baş alıb gedən fikirlər silsiləsini şeirə çevirmək, bir anını belə boş keçirmədən xalqa, onun inkişafına xidmət etmək! Mikayıl Müşfiq həyatının mənasını bunda görürdü. Lakin qəlbini, beynini, bütün varlığını hüceyrə-hüceyrə, gilə-gilə əridib təzə əsərlər yazmağa, xalqa, cəmiyyətə gözü dolusu, kamınca xidmət etməyə onu qoymadılar. Şairin zərif rübabını qaba əllər sərt daşlara çırpıb sındırdılar, onun gözəl şeirlər deyən şirin dili əbədi susduruldu.
Xəlil Rza Ulutürk, Xalq şairi

Müşfiqin poeziyası vəzn cəhətdən digər şairlərinkindən fərqlidir. Çünki bu Müşfiq icadıdır, heca ilə sərbəsti yaxınlaşdıran bir vəzndir. Bu vəznin yeganə nümunələrini Müşfiq yaratmışdır. O, sözü məharətlə işlədən, sözə hakim olmağı bacaran şair olmuşdur.
Gülhüseyn Hüseynoğlu, Xalq yazıçısı

Müşfiq poeziya aləminə təsadüfi gəlməmişdir. Onun xalqa deməyə həm sözü vardı, həm də ehtiyacı.
Mehdi Hüseyn, Xalq yazıçısı

Müşfiq az yaşadı, qısa sürən həyatında xalqına sədaqətlə xidmət etdi. Elə yaralar var ki, zaman belə onları sağalda bilmir. Gəncliyimizin fırtınalı illərində mənə böyük qardaşı əvəz etmiş sevdiyim bir sənətkarın ölümü məni çox sarsıtmışdı. Bu yaranın ağrısını səssiz keçirtmək lazım idi. Ona bərkdən ağlamaq belə olmazdı.
Nigar Rəfibəyli, Xalq şairi

Mikayıl Müşfiq az yaşadı. Lakin bu az müddətdə çox iş gördü. O, öz ölməz əsərləri ilə bərabər dünya ədəbiyyatının incilərini də doğma dilimizə çevirməyə macal tapdı. Yuxusuz gecələrin, gərgin əməyin hesabına çox sevdiyi xalqına itməz, batmaz, qəsb olunmaz bir sərvət bəxş etdi, ondan işıqlı xatirələr qaldı. Müşfiq ömrü gül ömrü kimi az oldu. “Gül ömrü” mənsur şeir müəllifinin dediyi kimi, az oldu, amma nəcib oldu, təmiz oldu.
Mirvarid Dilbazi, Xalq şairi

Müşfiq canlı, oynaq xalq dilində yazır, bu dilin incəliklərini şeirə gətirməklə kəlamının bədiiliyini, təsir gücünü artırırdı. Şeirimizin ənənəvi təsvir və ifadə vasitələri, obrazlar sistemi onun əsərlərində bir qayda olaraq təzə məzmun kəsb edir, yeni libasda cilvələnirdi. Onun bir şair kimi formalaşmasında klassik irsin çox ciddi rolu olmuşdur.
Bəkir Nəbiyev, akademik

Müşfiq haqqında düşünərkən böyük sənətkarımız Nəsimini xatırlayıram. Altı əsr əvvəl Nəsiminin başına gələnlər, altı əsr sonra ayrı qiyafədə, ayrı şəkildə onun layiqli övladı, sənət və tale balası Mikayıl Müşfiqin başına gəldi.
Cabir Novruz, Xalq şairi

Müşfiq bir oddur ki, öz-özünü yandıracaq.
Hüseyn Cavid, şair, yazıçı və dramaturq

Mikayıl Müşfiqi biz hamımız sevirdik. Amma Hüseyn Cavid onu daha çox sevirdi. Onun poeziyasını çox yüksək qiymətləndirirdi. Bir dəfə mənə “poeziyanın nəhəngi” yetişməkdədir, özümüzü yığışdırmalıyıq Şaiq!” dediyi sözlərini heç unuda bilmirəm.
Abdulla Şaiq, şair, yazıçı, dramaturq

Mən onun şeir yazmağına təəccüb edirdim. Elə bil gecə-gün-düz çağlayıb axan bir bulaq idi. İşləməyinin, yazmağının vaxtı-vədəsi yox idi. Şəraitin əlverişli olub olmamasına baxmazdı. Bir qələm qırığı, bir parça kağızla ən böyük yaradıcılıq qələbəsi çalmağa nail olurdu.
Sabit Rəhman, yazıçı, dramaturq

Müşfiq xalqın bütün təbəqələrini: istər əkinçi, istər fəhlə, istər ziyalı, istər dövlət xadimi, diplomat olsun, fərqi yoxdur, ahənruba kimi özünə çəkən, çoşduran şairdir. Mən onun şeirlərinə bəstələnmiş mahnıları oxuyan kimi salonda qopan ardı-arası kəsilməyən sürəkli alqışların altında istər-istəməz qəlbimdən bir fikir keçir “Müşfiqi yetirən xalq xoşbəxtdir”.
Zeynəb Xanlarova, SSRİ Xalq artisti